“Udineze” iki azərbaycanlı futbolçuya dəvət göndərib
30.03.2009 - 15:08
“Udineze” iki azərbaycanlı futbolçuya dəvət göndərib
Azərbaycanlı futbolçular İtaliyaya yollanacaqlar. Bu haqda apasport.az saytına “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar məlumat verib. Hazırda vətəni Türkiyədə olan Afşar bildirib ki, Udine təmsilçisi “Udineze” nümayəndələri ilə görüşüb.

“Onların 17 yaşlılardan ibarət komandası Türkiyəyə turnirə gəlmişdi. “Udineze”nin seleksiyaçısı Emilio Afuso ilə görüşdüm. O, vaxtilə “Bolonya”da forma geyinib, Roberto Mançininin komanda yoldaşı olub. “Udineze” gənc futbolçularımızı düşərgəsinə dəvət edir. İtaliyaya 17 yaşlı oyunçularımız Andrey Popoviçlə Rəhman Hacıyevi göndərəcəyik. Onların pasport məsələsi ilə maraqlanırıq. Əgər sənəd baxımından hər hansı problem yaranmazsa, səfər apreldə reallaşacaq” – deyə vitse-prezident vurğulayıb.

Afşar həmvətənlərimizin İtaliyada oynamaq perspektivinə real baxır. Vitse-prezident fikrini belə əsaslandırıb: “İtaliyalılar 17 yaşlılardan ibarət yığma komandanızın Lüksemburqda keçirilən Avropa çempionatının elit mərhələsində oyunlarını seyr ediblər. Onlar izlədikləri azərbaycanlı futbolçular haqda xoş fikirdədirlər. Özü də “Udineze” təkcə bizdən yox, digər klublarımızdan da gənc, istedadlı futbolçuları iş başında görməyə hazırdırlar. Biz təkcə “Bakı” yox, Azərbaycan futbolunun inkişafında maraqlıyıq. Yəni, digər Azərbaycan klubları ilə də bu məsələni müzakirə edəcəyik. Azərbaycanlı futbolçuların “Udineze”də özlərinə göstərmək üçün fürsət yaranıb. Onlar təcrübə toplayacaq və gələcək karyeralarında önəmli dəyişiklik ola bilər”.

Xatırladaq ki, “Udineze” bunadək bir futbolçumuza dəvət göndərib. Berti Foqtsun Azərbaycan milli komandasında da şans verdiyi “Neftçi”nin 17 yaşlı istedadlı yarımmüdafiəçisi Araz Abdullayev bir neçə gün Udinedə olub. “Bakı” klubunun və 17 yaşlılardan ibarət yığmamızın qapıçısı Andrey Popoviç isə bunadək Frankfurtun “Ayntraxt” klubunda təcrübə keçib.
0