Alim Qurbanov: “Karvan” rəhbərliyi pulumu vermir
01.04.2009 - 18:16
Alim Qurbanov: “Karvan” rəhbərliyi pulumu vermir
“Pul vermədilər, mən də komandadan getdim. Havayı da oynayası deyiləm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun yarımmüdafiəçisi Alim Qurbanov deyib.

Onun sözlərinə görə, ikinci dövrədə uğursuz çıxış edən komandada ciddi maliyyə problemləri mövcud imiş: “Futbolçular 3-4 aydır maaş almırdılar. Mənim də 3000 dollar alacağım var idi. “Karvan”da maaşım bu qədər nəzərdə tutulmuşdu. 1000 dollara oynayası deyildim ki. Problemimi komandanın məşqçilərinə demişdim. Klubumuzun rəhbər şəxslərindən olan Şahmar Vəliyevlə görüşmək istəsəm də, qəbuluna düşə bilmədim. Pulla bağlı 10-15 gün gözlədim. Get-gedə saldılar, axırda nəticənin olmadığını görüb, komandanı tərk etmədim”.

Alim son iki ayda artıq ikinci dəfə klub dəyişməli olub. İkinci dövrənin startına az qalmış “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov 32 yaşlı yarımmüdafiəçini transferə çıxarılması ilə bağlı qərar verdi. Belə olan halda, cari mövsümün sonuna qədər “Karvan”a icarəyə verilən Qurbanov burada az duruş gətirdi: “İcarə əsasında oynadığım komanda müqavilənin şərtlərini yerinə yetirmədi. Yəqin ki, “Karvan”ın ikinci dövrədə uğursuz çıxış etməsinin səbəbi də elə maliyyə problemidir. Moldovalı hücumçu Anatoli Doroş gedib. Vətənlərinə yollanan gürcü futbolçular – Aleksandr İntskirveli ilə Mixail Mesxinin də gələcək taleyinə xəbərim yoxdur. Bildiyimə görə, afrikalılar – Süleyman Kamara Hisley Emonu komandadan çıxarıblar. Pulumu vermirlər, ayağım qırılsa, onda necə olacaq? Bundansa, oynamamaq daha yaxşıdır. Hazırda fərdi məşq edib, mövsümün bitməsini gözləyirəm. Həmin vaxt ya müqavilə ilə məxsus olduğum “Xəzər-Lənkəran”a qayıdacağam, ya da özümə yeni klub tapacağam”.

Qeyd edək ki, Alim “Karvan”da 6 oyun keçirib və 2 sarı vərəqə alıb.
0