Almaniya yığmasının sabiq qapıçısı Bəhramovun abidəsi önündə
03.04.2009 - 09:34
Almaniya yığmasının sabiq qapıçısı Bəhramovun abidəsi önündə
Almaniya milli komandasının sabiq qapıçısı Hans Tilkovski Bakıya gəlir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, məşhur futbolçunun səfəri assosiasiya ilə Almaniya Futbol İttifaqı arasında mövcud olan qarşılıqlı əməkdaşlıq çərçivəsində baş tutacaq. “Almaniya – Azərbaycan Biznesmenlər Assosiasiyası”nın yardımı ilə Azərbaycana gələcək Tilkovski aprelin 6-dan 9-dək ölkəmizdə olacaq.

Səfər çərçivəsində Tilkovski AFFA rəhbərliyi ilə görüşəcək, aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının qapıçıları üçün seminar keçirəcək. Bundan əlavə, almaniyalı futbol veteranı mərhum hakim Tofiq Bəhramovun abidəsini ziyarət edəcək.

1966-cı ildə İngiltərədə təşkil olunan dünya çempionatının iştirak edən Tilkovski meydan sahibləri ilə final görüşündə də Almaniya yığmasının şərəfini qoruyub. Həmin matçda vurulan və dünya futbol tarixinə ən məşhur qol kimi düşən, indiyədək ətrafındakı müzakirələr səngiməyən top da məhz onun qoruduğu qapıdan keçmişdi.

Qeyd edək ki, İngiltərə yığmasının Tilkovskinin qoruduğu qapıya vurduğu qolun hesaba alınmasında Tofiq Bəhramov yan xətt hakimi kimi qətiyyət nümayiş etdirmiş və bunun nəticəsində “Qızıl fit” mükafatına layiq görülmüşdü.
0