Vladislav Qədirov yığmanın seleksiyaçı-məşqçisi oldu
04.04.2009 - 11:29
Vladislav Qədirov yığmanın seleksiyaçı-məşqçisi oldu
Salyanın “Muğan” klubunun sabiq baş məşqçisi Vladislav Qədirov yeni vəzifə alıb. Bu haqda apasport.az saytına məlumat verən 39 yaşlı çalışdırıcı bundan sonra aşağı yaş qruplarından ibarət milli komandalarda - U-21, U-19, U-17 və U-15-də seleksiyaçı-məşqçisi funksiyasını yerinə yetirəcəyini bildirib.

“AFFA rəhbərliyindən dəvət aldım və baş katib Elxan Məmmədovla görüşdüm. Əməkdaşlıq məsələsini müzakirə etdik və növbəti seçmə mərhələnin sonunadək anlaşdıq. Uşaq futbolu, yeniyetmə, gənc oyunçularla çalışmışam, seleksiya sahəsində təcrübəm var. Yəqin ki, bunu nəzərə alaraq, yığmada işləməyimi məsləhət biliblər. U-15-dən U-21-ə qədər bütün yığmalarda çalışacağam. Hətta U-15-dən da aşağı yaşlı futbolçulardan ibarət yığma yaratmaq istəyirlər və oraya da öz köməyimi göstərəcəyəm. Seleksiya sahəsi, istedadlı futbolçuları axtarıb tapmaq ürəyimcə olan işdir və bu təklifi böyük məmnuniyyətlə qəbul etdim” - deyə Qədirov vurğulayıb.

Artıq Qədirov AFFA-nın texniki direktoru, U-21 və U-19-un baş məşqçisi Bernard Lippertlə də görüşüb: “Yığmaların koordinatı olan bu alman mütəxəssisin rəhbərliyi altında fəaliyyət göstərəcəyəm. Məlum olduğu kimi, Nazim Süleymanov, Təbriz Həsənov da yığmada seleksiyaçı-məşqçi kimi çalışırlar. Əsas, əvəzedici, yeniyetmələrdən ibarət komandaların oyunlarını izləyəcəyəm. Məsələn, bu gün “Neftçi” ilə MOİK-in əvəzedici komandalarının görüşünə baxacağam. Yığmalara cəlb edilən futbolçularla yanaşı, çağırılmayanları da diqqət mərkəzində saxlayacağam. Bu məqsədlə əyalətə də səfərlər nəzərdə tutulub”.

1988-ci ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığmasının heyətində dünya çempionu olmuş Qədirov Salyanın “Muğan” klubu ilə əlaqəsini tam kəsməyib. O, Premyer Liqanın ikinci dövrəsinin ikinci turunda Zaqatalada “Simurq” klubu ilə oyundan (0:2) sonra istefa verdiyi “Muğan”la yollarını birdəfəlik ayırmağını söyləyib: “Milli komandada çalışmaqla yanaşı, bu klubda da qalıram. Yeni vəzifə alarkən bunu müzakirə etdik və razılıq əldə olundu. Əvvəl planda var idi ki, A kateqoriyası ilə bağlı Ukraynanın paytaxtı Kiyevdə təşkil edilən kursda təhsil almağa yollanım. Ancaq AFFA elə bu ilin payızında Bakıda belə kurs təşkil edəcək. Alman mütəxəssislərin iştirakı ilə paytaxtımızda B kateqoriyası ilə bağlı kurslar uğurlar keçdi ki, bunda da AFFA-nın rəhbərliyinin böyük rolu oldu. Hesab edirəm ki, yollarda qalmaqdansa, elə özümüzdə keçirilən A kateqoriyalı kurslara qatılmaq daha effektlidir”.
0