Qyoko Hacıyevski: Xal itirməyə haqqımız yoxdur
04.04.2009 - 13:40
Qyoko Hacıyevski: Xal itirməyə haqqımız yoxdur
“Olimpik”lə oyuna ciddi hazırlaşırıq. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Bu baxımdan “Olimpik” də istisna deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının lideri “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski deyib.

Klubun rəsmi İnternet saytına açıqlama verən makedoniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində sabah “Şəfa” stadionunda “Olimpik”ə qarşı keçiriləcək matçdan danışıb. 54 yaşlı çalışdırıcı bildirib ki, liderə qarşı istənilən komanda var gücü ilə oynayır: “Biz bunu bütün oyunlarımızda hiss edirik. “Bakı”nın əsas məqsədi bu turda qalib gələrək, 3 xal qazanmaqdır. Heyətlə bağlı problemimiz yoxdur. Bütün oyunçularım qələbə naminə əllərindən gələni etməyə hazırdırlar. Luis Fabio Ramimin sıraya qayıtması bizi sevindirir. Cəzalı olduğundan forma geyinə bilməyəcək Batistanın yoxluğu da ciddi çətinlik yaratmayacaq. Onu layiqincə əvəz edən oyunçularımız var”.

“Bakı” bu turdan etibarən səfərdə ardıcıl 4 oyun keçirəcək. Hacıyevskini belə çətin təqvim qorxutmur: “Bunların hamısı həlledici qarşılaşmalardır. Hər bir oyunun məsuliyyətini dərk edirik. Xal itirməyə haqqımız yoxdur”.
0