“Xəzər-Lənkəran” klubu “Standard”ın tarixinə düşdü
06.04.2009 - 12:37
“Xəzər-Lənkəran” klubu “Standard”ın tarixinə düşdü
“Xəzər-Lənkəran” klubu “Standard”ın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi tarixində ən böyük hesablı məğlubiyyətə Azərbaycan Premyer Liqasının son turunda səfərdə məhz “Xəzər-Lənkəran”la görüşdə düçar olub - 0:4. Bununla da, güclülər dəstəsində ikinci mövsümünü keçirən “Standard” ilk dəfə 4 top fərqi ilə uduzub.

İndiyədək iki dəfə böyük hesabla məğlub olan klub hər iki halda üç top fərqi ilə yenilmişdi. Bu nəticələr ötən mövsüm ölkə kubokunun 1/4 finalında “Neftçi” ilə oyunda (1:4) və Premyer Liqanın II turunda “İnter”lə (0:3) qarşılaşmada qeydə alınmışdı. Həmin vaxt “Standard”ı gürcüstanlı Kaxaber Sxadadze çalışdırırdı. Adıçəkilən mütəxəssis qış fasiləsində istefa verdikdən sonra baş məşqçi postuna onun həmyerlisi Badri Kvaratsxeliya keçib.

İkinci dövrəyə ardıcıl iki məğlubiyyətlə başlayan Kvaratsxeliya bundan sonra üç qələbə qazanıb, bir heç-heçə etmişdi. Yəni, “Standard” “Xəzər-Lənkəran”la səfər oyununadək 4 son 4 matçda məğlub olmurdu.

“Xəzər-Lənkəran” - “Standard” görüşündə qeydə alınan nəticəni müəllimin tələbəyə “yerini göstərməsi” kimi də qələmə vermək olar. Məsələ burasındadır ki, qonaq komandanın 44 yaşlı gürcüstanlı baş məşqçisi Badri Kvaratsxeliya futbolçu karyerası vaxtı milli komandamızda hər iki oyunu məhz Ponomaryovun rəhbərliyi altında keçirib. Bunlar 2000-ci ilin payızında dünya çempionatının cari seçmə mərhələsi çərçivəsində İsveçlə ev (0:1), Makedoniya ilə səfər oyunu (0:3) olub. Maraqlıdır ki, Kvaratsxeliya baş məşqçi karyerasında ilk böyük hesablı məğlubiyyəti müəllimindən alıb.
0