Kristof Daumun köməkçisi “Bakı” haqqında məlumat toplayır
06.04.2009 - 15:34
Kristof Daumun köməkçisi “Bakı” haqqında məlumat toplayır
Tanınmış almaniyalı məşqçi Kristof Daumun köməkçisi işləmiş türkiyəli çalışdırıcı Murat Kuş Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, Kuş Daumun “Beşiktaş” və “Fənərbaxça” klublarının çempion olduğu illərdə ona yardım edib.

“Bakı” rəhbərliyinin dəvəti ilə ölkəmizə təşrif buyuran məşqçi səfərinin məqsədi barədə klubun rəsmi İnternet saytına açıqlama verib. Onun sözlərinə görə, qarşıdakı aylarda “Bakı”nın təşəbbüsü ilə Azərbaycana gələcək Daumun təmsilçisi kimi bu klub və futbolumuz haqda məlumat toplayır: “Əvvəlcə bizi Bakıya dəvət edən “Bakı” klubunun prezidenti Hafiz Məmmədova Kristof Daumun adından təşşəkkürlərimi bildirmək istəyirəm. Azərbaycan prezidenti möhtərəm İlham Əliyevin idmana, xüsusilə də, futbola qayğısı və dəstəyi barədə eşitmişdim. Ölkə klublarının peşəkarlaşma yönündə atdığı addımlar, stadion və baza inşası istiqamətində aparılan fəaliyyət, UEFA kriteriyalarına uyğunlaşmaq sahəsində aparılan işlərlə tanış oldum. Gördüklərimi Kristof Dauma raport halında təqdim edəcəyəm. Qarşıdakı həftələrdə “Bakı” klubu ilə əməkdaşlığımızın əsası qoyulacaq. Bunun hər iki tərəf üçün uğurlu olacağına inanırıq”.

Kuşun səfərində “Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Afşar əsas vasitəçi olub. Həmyerlisi, eyni zamanda dostu ilə birgə Premyer Liqanın son turunda “Şəfa” stadionunda keçirilən “Olimpik” - “Bakı” (2:1) görüşünü birgə izləyən qonaq “Fair play” baxımından çox üzüntülü bir olayla qarşılaşdığını söyləyib: “Rəqib komanda üzvünün zədələnməsi səbəbi ilə topu meydandan çıxaran “Bakı” futbolçuları zədəli oyunçuya tibbi yardım göstərilməsinə şərait yaratdılar. Matçı mən də daxil olmaqla, stadionda izləyən minlərlə insan topun “Bakı”ya qaytarılacağını gözlədiyimiz bir anda “Olimpik”li futbolçunun onu irəlidə mövqe tutan komanda yoldaşına atdığının şahidi olduq. Sonuncu isə kimsənin gözləmədiyi halda, topu “Bakı”nın qapısından keçirdi. Bu hal stadiondakı insanları şoka saldı. “Olimpik”li futbolçular bu davranışları ilə Azərbaycan futboluna ağır zərbə vurdular. İllər boyu formalaşan “Fair play” prinsiplərini bir anda qələbə qazanmaq naminə ayaqlar altına salınması acı təəssüf doğurdu. Müxtəlif yarışlarda iştirak edən Avropa klublari Azərbaycana gəldikləri zaman “bunların “fair play” anlayışı budur” - deyə adekvat addımlar atmayacaqlarmı?”.

Qeyd edək ki, Daum hazırda Almaniyanın “Köln” klubunu çalışdırır. Vaxtilə onun köməkçisi olmuş Kuş isə işsizdir.
0