Almaniyalı futbolçu Tofiq Bəhramovun abidəsini ziyarət edəcək - FOTO
06.04.2009 - 16:40
Almaniyalı futbolçu Tofiq Bəhramovun abidəsini ziyarət edəcək - FOTO
Bakıda səfərdə olan futbol üzrə Almaniya milli komandasının sabiq qapıçısı Hans Tilkovski sabah brifinq keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, veteran futbolçu onu 1966-cı ilin finalında məyus edən məşhur hakimimiz Tofiq Bəhramovun adını daşıdığı Respublika stadionunda ucalan abidəsini ziyarət edəcək.

Daha sonra Tilkovski jurnalistlərlə görüşərək, onların suallarını cavablandıracaq. Buna qədər isə almaniyalı qonaq yığmalarımızın qapıçıları üçün seminar keçirəcək. Seminar sabah saat 10:30-da AFFA Futbol Akademiyasında baş tutacaq.

Qeyd edək ki, bu gün ölkəmizə gələn Tilkovskinin Bakıya səfəri AFFA və Almaniya Futbol İttifaqı arasında mövcud qarşılıqlı əməkdaşlıq çərçivəsində, eləcə də “Almaniya-Azərbaycan Biznesmenlər Assosiasiyası”nın yardımı sayəsində reallaşıb.

Tilkovskini Azərbaycanla bağlayan daha bir məqam ondan ibarətdir ki, 1966-cı ildə keçirilən dünya çempionatının finalında məhz onun qoruduğu qapıya İngiltərə yığmasının vurduğu qolu həmvətənimiz Tofiq Bəhramov hesaba alıb. Dünya şöhrətli yan xətt hakimimiz qətiyyət nümayiş etdirib və bunun nəticəsində “Qızıl fit” mükafatına layiq görülüb.
0