“Bakı” “Olimpik”lə oyunun nəticəsinin ləğv olunmasını tələb edir
06.04.2009 - 17:20
“Bakı” “Olimpik”lə oyunun nəticəsinin ləğv olunmasını tələb edir
“Bakı” klubu Azərbaycan Premyer Liqasının XX turunda “Olimpik”lə “Şəfa” stadionunda keçirilən oyunun nəticəsinin (1:2) ləğv olunmasını tələb edir. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı həm AFFA-nın baş katibi Elxan Məmmədova, həm də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə rəsmi məktub ünvanlanıb: “Klubumuzun tələbi odur ki, oyunun nəticəsi ləğv olunsun və qarşılaşma yenidən keçirilsin. Çünki bu matçda “Fair play” qaydaları kobud şəkildə pozulub”.

Qeyd edək ki, sözügedən görüşün 51-ci dəqiqəsində, hesab 1:0 “Bakı”nın xeyrinə olarkən, “Olimpik” “Fair play” qaydalarına zidd hərəkət edərək, bərabərlik qolunu vurub. Həmin epizodda "Olimpik"in hücumçusu Junivan Suaresin cərimə meydançasında zədələndiyini görən “Bakı”nın üzvü Fernando Peres topu bilərəkdən auta göndərib. O, topu yan xətdən çıxarmaqla, "Fair play" qaydalarına uyğun olaraq, Suaresə yardım göstərilməsinə şərait yaradıb. Ancaq Suares az sonra ayağa qalxaraq, oyunu davam etdirəcəyini bildirdiyindən, həkim müdaxiləsinə ehtiyac qalmayıb. "Olimpik"in digər futbolçusu Mahir Şükürov isə topu autdan gözlənildiyi kimi, “Bakı”nın oyunçularına yox, Suaresə ünvanlayıb. Nəticədə Suares qüvvətli zərbə ilə hesabı bərabərləşdirib.
0