Mahir Şükürov: Günah məndə yox, Junivandadır
06.04.2009 - 18:03
Mahir Şükürov: Günah məndə yox, Junivandadır
Azərbaycan milli komandasının və Bakının “Olimpik” klubunun futbolçusu Mahir Şükürovun apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının son turunda “Bakı” ilə oyun, lider üzərində qazandığınız qələbə qeyri-adi olmadı?
- Yox. Burada qeyri-adi heç nə görmürəm.

- Axı, həmin oyunda “Fair play” qaydalarını pozdunuz...
- “Bakı” da belə qayda pozuntularına yol verib. Bu, ötən ay “Xəzər-Lənkəran”la ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab görüşündə olmuşdu. “Xəzər-Lənkəran”ın qapıçısı Dmitri Kramarenkonun zədələndiyi epizodda Elvin Əliyev “Fair play” qaydalarına zidd hərəkət etmişdi. Hətta buna görə Emin Quliyevin onunla mübahisəsi oldu.

- Hər halda, “Bakı” ilə oyunda etdiyiniz hərəkət “Fair Play” qaydalarına ziddir. Rəqib futbolçu Fernando Peres braziliyalı hücumçunuz Junivan Suares yerə yıxıldığı üçün topu kənara çıxardı. Siz isə autu yerinə yetirərək, topu artıq ayağa qalxan Junivana göndərdiniz, o da qol vurdu.
- Birincisi, mən həmin epizodda topun auta “Bakı”nın futbolçusunu çıxardığını görmədim. İkincisi də mən topu Junivana göndərmişdim. Elə o da topu rəqibə verərdi də.

- Belə çıxır ki, bu epizodda daha çox günahı braziliyalı komanda yoldaşında görürsünüz?
- Mən vəziyyəti dedim və özümdə günah görmürəm. Bilirsiniz, çoxu “Fair play” qaydalarının dəqiq nədən ibarət olduğunu dəqiq bilmir. Bu zaman topu rəqibə versən də olar, verməsən də olar.

- Ancaq adətən “Fair play”ə görə top rəqibə qaytarılmalıdır...
- İngiltərə Premyer Liqasının oyunlarında gərgin mübarizəyə diqqət yetirin. Orada hakim imkan vermir ki, topu kənara çıxasan.

- “Bakı”nın yaydığı bəyanatda göstərilir ki, milli komandamızın da üzvü olan Mahir Şükürov ləyaqət anlayışının üstündən xətt çəkib. Yəni, onlar bildirirlər ki, idmançıya, futbolçuya yaraşmayan hərəkət etmisiniz...
- Dediyim ki, mən topu komanda yoldaşıma ötürmüşəm. Özüm topu qapıya vurmadım ki. Bir də ki biz meydana qələbə qazanmaq üçün çıxmışdıq. “Bakı” kimi biz də qələbə qazanmaq istəyirdik. İlk dövrədə “Bakı”nın bizi məğlub etdiyi oyunda hakim səhvləri olmuşdu. Rəqib bizə bir qolu penaltidən, birini ofsayddan, birini də əllə vurmuşdu. 3-4 aydır maaş almırıq, biz də qalib gəlib, maddi planda qazanmaq istəyirik.

- “Bakı” üzərində qələbəyə görə mükafat almısınız?
- Hələ yox.

- Bəs nə vaxt alacaqsınız?
- Yəqin ki, yaxın günlərdə verərlər. Maaşdan fərqli, mükafatı gecikdirmirlər, vaxtlı-vaxtında verirlər.

- Deyilənə görə, liderlə görüşdə qələbəyə 4000 dollar mükafat qoyulub. Bu nə dərəcədə həqiqətəuyğundur?
- Bilirsiniz, bizdə mükafatlar fərqlidir. Adətən güclü rəqiblərlə matçda, derbi oyunlarında böyük məbləğdə mükafat qoyulur. Doğrudan da, “Bakı” ilə oyunda qazanılacaq qələbəyə görə hər futbolçuya 4000 dollar mükafat vəd olunmuşdu.

- Həmçinin, belə xəbərlər yayılıb ki, “İnter” çempionluq uğrunda əsas rəqibi “Bakı”nı məğlub etmək üçün “Olimpik”i stimullaşdırıb və 100 min dollar mükafat vəd edib.
- Bundan xəbərim yoxdur. Sadəcə, bizə “Bakı” üzərində qələbəyə görə mükafat veriləcəyi deyilmişdi.

- Bəs maaşların yubanmasını nə ilə izah edirlər? Bu problem nə vaxt həll olunacaq?
- Nə bilim, vallah. Deyirlər veriləcək, amma hələ ki bir şey yoxdur. Futbolçuların da ailələri var. Elələri var ki, yaxınlarına, qardaş bacılarına maddi cəhətdən köməklik edirlər. Axı, hamı işləmir. Mövsümün sonuna iki aydan da az vaxt qalıb. Ancaq hələ müqavilə ilə nəzərdə tutulan pulu almamışıq.

- Maaşların verilmədiyi bu 3-4 ayda yalnız mükafatın hesabına qazancınız nə qədər olur?
- Mükafat verilsə də, vəziyyət istənilən kimi olmur. Çünki daim qələbə qazanmırsan. Bir ara heç qalib gəlmirdik. Təbii ki, bu zaman mükafat almırsan. Bundan əlavə, mükafatların məbləği böyük olmur. Zəif rəqiblərlə görüşlərdə qələbəyə görə 500, 1000 dollar alırıq. Maaş isə elədir ki, bunu hər ay nəticədən asılı olmayaraq əldə edirsən.

- Yalnız maaşlarla aylıq qazancınız 3-4 min dollara çatır?
- Əməkhaqqımın nə qədər olduğunu açıqlaya bilmərəm. Aylıq qazancım isə təxminən 3-4 min dollar civarında olur.
0