Rusiya yığmasının kapitanı: Azərbaycan kababından ötrü ürəyim gedir
07.04.2009 - 11:24
Rusiya yığmasının kapitanı: Azərbaycan kababından ötrü ürəyim gedir
“Təəssüf ki, mən biznesmen olmadığımdan Almaniya yığmasından xal almaq üçün Azərbaycan milli komandasına mükafat vəd edə bilmərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının futbolçusu Sergey Semak deyib.

Kazanın “Rubin” klubunun formasını geyinən 33 yaşlı yarımmüdafiəçi rusların dünya çempionatının seçmə mərhələsindəki rəqibləri haqda fikirlərini açıqlayıb. Yığmanın kapitanı peşəkar futbolçu karyerasını Lixtenşteynin “Vaduts” klubunda bitirməyin əleyhinə olmadığını söyləyib.

Eyni zamanda, Semak azərbaycanlılara bir çox şeylər söz verib: “Onların yığmasına mükafat vəd edə bilməsəm də, yalnız Azərbaycan restoranlarında yemək yeyəcəyimi, istisnasız olaraq, yalnız azərbaycanlıların mallarını alacağımı söz verərdim. Vədimə uzun müddət əməl edərdim. Onsuz da əsl Azərbaycan kababından ötrü ürəyim gedir. Bu, saysız-hesabsız yeməklərdən ibarət möhtəşəm Azərbaycan mətbəxinin mükəmməl nümunəsidir. Bir sözlə, əsl delikatesdir”.

Qeyd edək ki, Semak martın 28-də Moskvada keçirilmiş Rusiya - Azərbaycan (2:0) oyununda kapitan sarğısını daşıyıb.
0