“Bakı” rəhbərliyindən misli görünməmiş etiraz dalğası
07.04.2009 - 12:08
“Bakı” rəhbərliyindən misli görünməmiş etiraz dalğası
“Bakı” rəhbərliyi bu gün Azərbaycan futbol ictimaiyyətinə müraciət edib. Apasport.az-ın klubun İnternet saytına istinadən yaydığı məlumata görə, müraciət Azərbaycan Premyer Liqasının XX turundakı qərəzli hakim qərarları, "Fair play" prinsiplərinin pozulması ilə bağlıdır.

Bəyanatda digər idman növləri ilə müqayisədə qələbələri barmaqla sayılacaq qədər futbolumuzda problemlər, vəzifə və hədəflər, klublar arasında birlik, “Bakı”nın gördüyü işlər haqda geniş məlumat verilib. Bildirilir ki, Azərbaycan futbolu Premyer Liqanın ətn turunda yaşanan xoşagəlməz hallardan xilas olmalıdır: “AFFA prezidenti Rövnəq Abdullayevin geniş və hərtərəfli fəaliyyətini, onun quruculuq işlərini alqışlamaqla bərabər, assosiasiya rəhbərinin ədalətin bərpa olunması naminə qətiyyətli addımlar atacağına inanırıq. Biz AFFA I vitse-prezidenti Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri, ölkə futbol ictimaiyyətinin nümayəndələri, klub rəhbərləri, KİV, fanat qrupları və sıravi azarkeşləri bu iyrənc görüntülərin bir daha təkrarlanmamağı üçün qəti mövqeyini bildirməyə, Azərbaycan futbolunun saflığı uğrunda mübarizədə “Bakı”nın yanında olmağa çağırırıq. Əminik ki, Azərbaycan futbolunun inkişafını arzulayan, səbirsizliklə ölkəmizin futbol sahəsində irəliləməsini görmək, bunun sevincini duymaq arzuları ilə yaşayan, yorulmadan çalışan insanların fikri yekdil olacaq: ədalətsiz hakimlik, qərəzlilik, sifarişli oyun, qeyri-sağlam rəqabət anlayışına son qoyulacaq, bu neqativ hallar birdəfəlik aradan qaldıracaq”.

Bəyanatda, həmçinin vurğulanır ki, baş verənlər təsadüf yox, faktdır və onun presedent yaratması futbolumuza ölümcül zərbə vura bilər: “Bu, tək idman prinsiplərinin tapdalanması deyil, Azərbaycan idmanına yaraşmayan, Azərbaycan insanın mənliyinə toxunan bir məsələdir. Bu, Azərbaycan futbolunun “11 sentyabrıdır”, haqq-ədalətin, saflığın və şəffaflığın qalib gələcəyi bir gündür. Biz tapdalanan haqqın müdafiəsi üçün Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, AFFA, PFL-ə müraciət edirik. Biz “futbol mətbəxi”nin geniş müzakirəyə açılmasının tərəfdarl deyilik. Bütün məsələlərin AFFA daxilində müzakirə olunub, bu işdə günahı olan, qərəzlilik və ona zəmin yaradan şəxslərin cəzalandırılmasını tələb edirik. Biz bütün klubları birliyə, “Fair play”, dostluq, sağlam idman rəqabəti şəraitində mübarizəyə çağırırıq. Bir daha ümidvarıq ki, Azərbaycanın sərraf gözlü idman ictimaiyyəti “Bakı” futbol klubu ilə birlikdədir”.

Qeyd edək ki, “Bakı” rəhbərliyi dünən AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə ünvanladığı rəsmə məktubda hakimin oyunun nəticəsinə təsir edən qərarlar qəbul etməsi və qərəzli idarəçiliyi yazılıb. Şikayətçi tərəf oyunun təkrar keçirilməsini tələb edir. “Olimpik” - “Bakı” oyununun videoyazısı və mübahisəli epizodlarının AFFA ilə yanaşı, FİFA və UEFA-ya göndərilməsi qərara alınıb.

Xatırladaq ki, sözügedən görüşün 51-ci dəqiqəsində, hesab 1:0 “Bakı”nın xeyrinə olarkən, “Olimpik” “Fair play” qaydalarına zidd hərəkət edərək, bərabərlik qolunu vurub. Həmin epizodda "Olimpik"in hücumçusu Junivan Suaresin cərimə meydançasında zədələndiyini görən “Bakı”nın üzvü Fernando Peres topu bilərəkdən auta göndərib. O, topu yan xətdən çıxarmaqla, "Fair play" qaydalarına uyğun olaraq, Suaresə yardım göstərilməsinə şərait yaradıb. Ancaq Suares az sonra ayağa qalxaraq, oyunu davam etdirəcəyini bildirdiyindən, həkim müdaxiləsinə ehtiyac qalmayıb. "Olimpik"in digər futbolçusu Mahir Şükürov isə topu autdan gözlənildiyi kimi, “Bakı”nın oyunçularına yox, Suaresə ünvanlayıb. Nəticədə Suares qüvvətli zərbə ilə hesabı bərabərləşdirib.
0