Azərbaycan Premyer Liqası: nələr olmur bu yarışda?... - ARAŞDIRMA
07.04.2009 - 12:16
Azərbaycan Premyer Liqası: nələr olmur bu yarışda?... - ARAŞDIRMA
Azərbaycan Premyer Liqasının XX turu bir çox özəllikləri ilə yadda qaldı. Apasport.az saytının hesablamalarına görə, son turda qol vuran futbolçuların əksəriyyəti ilk dövrədə də eyni komandalarla oyunda fərqlənmişdi. Konkret olaraq, makedoniyalı Artim Şakiri (“Qarabağ”) “Turan”a, bolqar İvan Svetkov (“Xəzər-Lənkəran”) “Standard”a, iranlı Fərzad Hatəmi (“Qəbələ”) “Bakılı”ya, latviyalı Andrey Rubin (“İnter”) “Muğan”a, nigeriyalı Əhməd Ticani (“Bakı”) “Olimpik”ə, Tural Cəlilov (“Simurq”) “Karvan”a ilk dövrədə də qol vurub.

“Karvan”la ilk dövrədəki görüşdə “dubl” edən Cəlilov Zaqatalada yeni açılan stadionda birinci qolun müəllifi kimi tarixə düşmüşdü. Rubin birinci dövrədə NBC adlanan “Muğan”la əvvəlki oyunda fərqlənməklə, ölkəmizdə qol hesabını açmışdı. Fərzad isə Qəbələdə ilk qolunu ötən il “Bakılı”ya vurub.

“Qarabağ”ın “Turan”la ev oyununda 9 dəqiqəyə 4 qol vurması nəinki cari mövsümün rekordudur, ümumiyyətlə milli çempionatlarımız tarixində nadir hallarda müşahidə olunan olaydır. Son turda qeydə alınan “dubl”ların hamısı legionerlərin adına yazıldı. Şakiri ilə “Neftçi”nin kamerunlu hücumçusu Valentin Atem ölkəmizdə ilk dəfə “dubl” etdiyi halda, “Simurq”un ukraynalı legioneri Vladimir Mazyar əvvəllər buna nail olub. Qış fasiləsində “Neftçi”yə keçən Atemlə rumıniyalı Adrian Nyaqa artıq hesablarında hərəyə 3 qol yazıblar. Özü də Nyaqa ardıcıl iki oyundur rəqib qapılarına yol tapır.

Qış fasiləsində “Karvan”a keçən Murad Ağakişiyev yeni klubunda qol hesabını son turda açdı. “Turan”dan “Qarabağ”la görüşdə fərqlənən futbolçular – türkiyəli Muammer Ərdoğdu ölkəmizdə ilk qolunu vurdusa, kapitan Nadir Nəbiyev bir ildən sonra Bakıda rəqib komandanı cəzalandırdı.

Maraqlıdır ki, son turda qalib gələn komandalar elə ilk dövrədəki görüşlərdə də meydanı qələbə ilə tərk ediblər. Bu baxımdan istisna təşkil edən “Olimpik” – “Bakı” görüşü oldu. İlk dövrədə həmşəhərlilərini 3:1 hesabı ilə yenən Bakının eyniadlı təmsilçisi bu dəfə uduzmaqla (1:2), Premyer Liqada liderliyini itirdi. Özü də yenə qonaqlar oyunu 10 nəfərlə başa vurmalı oldular. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Olimpik”in yarımmüdafiəçisi Nizami Hacıyev, “Şəfa”dakı görüşdə isə “Bakı”nın gürcü üzvü Amiran Muciri ikinci sarı vərəqə alaraq, meydandan çıxarılıb.

Sözsüz ki, “Olimpik” - “Bakı” oyununda əsas diqqəti çəkən məqam meydan sahiblərinin hesabı bərabərləşdirdiyi epizod oldu. “Olimpik”in futbolçuları Mahir Şükürovla braziliyalı Junivan Suares “Fair play” qaydalarına əməl etməyərək, “Bakı”nın qapıçısı Xalidu Sissokonu topu tordan çıxartmağa məcbur etdilər. Bu, milli çempionatlarımız tarixində ilk dəfə müşahidə olunur. Baş verənlərdən çox narazı olan “Bakı” “Olimpik”lə oyununun nəticəsinin ləğv olunmasını tələb edir.