“İnter”in 100 min dollarla bağlı ittihamlara cavabı
07.04.2009 - 12:24
“İnter”in 100 min dollarla bağlı ittihamlara cavabı
Azərbaycan Premyer Liqasının XX turunda “Olimpik” - “Bakı” oyununda yaşanan qalmaqal lider “İnter”dən də yan ötməyib. Apasport.az saytının məlumatına görə, adının “Olimpik”i stimullaşdırmaqda hallanmasından narazı qalan “İnter” rəhbərliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, “Olimpik”in stimullaşdırması haqda yayılan məlumatlar əsassızdır: “Son günlər bəzi KİV-də aprelin 5-də keçirilmiş “Olimpik” - “Bakı” qarşılaşmasının nəticəsi ətrafında aparılan müzakirələrdə "İnter" PİK rəhbərliyinin də adı hallanır. Bəyan edirik ki, klubumuz haqqında dövriyyəyə buraxılmış iddialar həqiqəti əks etdirmir və Peşəkar İdman Klubu kimi "İnter" başqa idman klublarının daxili işlərinə qarışmır. "İnter" PİK həmişə ədalətli oyun tərəfdarı olub və bu mövqeyindən heç zaman əl çəkməyəcək”.

Qeyd edək ki, son turda “Bakı”nı 2:1 hesabı ilə məğlub edən “Olimpik”in “İnter” tərəfindən 100 min dollar müqabilində stimullaşdırıldığı haqda xəbərlər yayılmışdı.
0