Azərbaycan çempionatında yenə “lipa” tapıldı
07.04.2009 - 13:23
Azərbaycan çempionatında yenə “lipa” tapıldı
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, komitə üzvləri ötən həftə keçirilən oyunlarda baş verən xoşagəlməz hadisələrə münasibət bildiriblər.

Azərbaycan Premyer Liqasının XX turunun “Karvan” - “Simurq” matçının 90+3-cü dəqiqəsində bilərəkdən rəqibini ayağı ilə vurduğuna görə qırmızı vərəqə alan Namiq Əliyev 2 oyunluq cəzalandırılıb, Yevlax təmsilçisi isə 2000 manat cərimə olunub. “Olimpik” - “Bakı” matçında hesabına qırmızı vərəqə əlavə olunan Mahir Şükürovun da cəzası eyni olub. Bundan başqa, qonaqlar 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırıldığı üçün 1000, oyunun 84-cü dəqiqəsində qırmızı vərəqə alaraq 1 oyunluq kənarlaşdırılan Amiran Muciriyə görə isə 200 manat ziyana düşüb. “Turan”la oyunda “Qarabağ”ın, “Neftçi” ilə görüşdə MOİK-in 4 futbolçusu sarı vərəqə aldığı üçün bu komandalar hərəyə 1000 manat ödəyəcəklər.

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Simurq”la matçında meydandan qovulan Əziz Hüseynov 1 oyunluq kənarlaşdırılıb və “Karvan”ı 100 manat ziyana salıb. “Olimpik” və “Bakı” arasında matçın 36-cı dəqiqəsində qonaqları azlıqda qoyan Səbuhi Həsənovun da cəzası eyni olub. MOİK-lə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 500 manat ödəyəcək. Oyunun 75-ci dəqiqəsində MOİK-in üzvü Zahid Quliyev meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə 100 manat cərimələnib.

17 yaşlılardan ibarət komandalar arasında Azərbaycan birinciliyinin “Bakılı” – “Bakı” matçında təcili tibbi yardım maşını olmadığından, meydan sahibinə 0:3 hesablı texniki məğlubiyyət verilib. “Simurq” - “Turan” görüşündə qonaqların meydandan qovulan oyunçusu Babək Hüseynov təhqiredici ifadələr işlətdiyinə görə 2 oyunluq cəzalandırılıb. “Qarabağ” - “Standard” oyununda isə “lipa” tapılıb. Bakılıların adı protokolda göstərilmiş 8 №-li futbolçusu Nahid Hüseynzadənin əvəzinə qeydiyyatda olmayan başqa futbolçu çıxış etdiyindən onlara 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hadisədə təqsirli olan “Standard”ın məşqçi və ya məşqçiləri barədə ölçü götürüb, İntizam Komitəsinə məlumat verməsi tələb edilib.

2008/2009 mövsümündə 17 yaşlılardan ibarət komandalar arasında Azərbaycan birinciliyində mübarizə aparan “Azəri” klubu çıxışını dayandırıb. Belə ki, komanda birinciliyin son 3 turunda iştirak etməyib. Bu səbəbdən də “Azəri” yarışlardan kənarlaşdırılıb, komanda birinciliyin oyunlarının 50%-də iştirak etdiyi üçün növbəti turlardakı bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

15 yaşlılardan ibarət komandalar arasında Azərbaycan birinciliyinin “Qəbələ” ilə matçında “Karvan”ın futbolçusu Ehsan Əhmədov nalayiq ifadələr işlətdiyindən, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və 2 oyunluq cəzalandırılıb. “Olimpik”in futbolçusu Hüseyn Sədirov “Bakılı” ilə görüşdə meydandan qovulduğu üçün 1 oyunluq cəzalandırılıb. “Neftçi” - “Vətən” matçı başa çatdıqdan sonra flaqmanın baş məşqçisi İsmayıl Hüseynov rəqib komandanın futbolçusu Mehman Əliyevi vurduğu üçün məşqçi 4 turluq diskvalifikasiya olunub. “Neftçi” klubundan adıçəkilən məşqçi haqqında ölçü götürüb, İntizam Komitəsinə məlumat verməsi tələb olunur.

Həvəskarlar arasında Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Neftçi” İSM – “Mil” matçında bakılıların oyunçusunu vuran Rza Qafarlı 2 oyunluq cəzalandırılıb.

Futzal üzrə Azərbaycan çempionatının “Qarabağ Veteranları” ilə matçında meydandan qovulan “Olimp”in üzvü Rüstəm Səfərova 1 oyunluq cəza kəsilib. “Neftçi” ilə görüşdə “Azmetko”nun qırmızı vərəqə alan futbolçusu Əfqan Camalov təhqiredici ifadələr işlətdiyindən, 2 oyunluq diskvalifikasiya edilib. “Neftçi” klubunun meydandan qovulan futbolçusu Camal Qədimbəyli isə 1 oyunluq cəzalandırılıb.
0