“Bu gün 35 telefon zəngini cavabsız qoymuşam”
09.04.2009 - 09:54
“Bu gün 35 telefon zəngini cavabsız qoymuşam”
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi Qus Hiddinkə daha bir müştəri tapılıb. Apasport.az saytının məlumatına görə, milli komanda ilə yanaşı, həm də İngiltərənin “Çelsi” klubunu çalışdıran mütəxəssis Belçika yığmasının potensial baş məşqçiləri sırasındadır. Belə ki, bir neçə gün əvvəl Rene Vandereykini istefaya göndərən Belçika Futbol İttifaqı bu posta namizədlər arasında Hiddinkin də olduğunu açıqlayıb. Özü də bunu qurumun rəhbəri Fransua de Kersmaker edib: “Namizədlərin siyahısı çox genişdir. Hətta Qus Hiddink də oradadır”.

Hiddinklə yanaşı, Dik Advokat (“Zenit”, Rusiya), Leo Beenhakker (Polşa yığması), Jan Fransua de Sart (Belçika gənclər yığması), Ronald Kuman (işsiz), Lui van Qal (“Alkmaar”, Hollandiya), Morten Olsen (Danimarka yığması), Laslo Baloni (“Standard”), Ko Adrianse (“Zaltsburq”, Avstriya) və “Qalatasaray”ın sabiq baş məşqçisi Erik Gerets (“Marsel”, Fransa) baş məşqçi postuna namizədlər sırasındadır. 2006-cı ildə Türkiyə çempionu olan 55 yaşlı belçikalı mütəxəssis vətəndə çalışmaq həvəsində deyil: “Mən namizədlər sırasındayamsa, deməli Belçika futbolunda yaxşılığa doğru nə isə var. Telefonumda bu gün qəbul olunmayan 35 zəng var. Çünki mənim öz qayğılarım var”.
0