Kamal Quliyev: ... “Karvan” da tarixin yaddaşına köçəcək
09.04.2009 - 16:59
Kamal Quliyev: ... “Karvan” da tarixin yaddaşına köçəcək
Yevlaxın “Karvan” klubunun kapitanı Kamal Quliyevin apasport.az saytına müsahibəsi

- Komandada baş verənləri nə ilə izah edərdiniz?
- Hər şey göz qabağındadır. Əvvəlcə 4 futbolçu komandadan getdi. İndi də Aqil Məmmədovla İlham Yadullayev sıralarımızda deyil. Onlar Yevlaxa qayıtmaq istəmədilər. Baş verənlərin yeganə səbəbi maliyyə problemidir. Əslində, bu problem xeyli vaxtdır mövcuddur. Son 4 ayda maaşlarımızı almırıq. Sadəcə, biz üzləşdiyimiz çətinliyi ört-basdır edirdik. İstəmirdik ki, hamı “Karvan”ın maddi durumunun necə acınacaqlı vəziyyətdə olduğunu bilsin. Mənə bu vəziyyət ona görə pis təsir edir ki, həm klubun yaradıcılarından olmuşam, həm də mövsümün əvvəlində bir neçə futbolçu ilə birgə “Karvan”a böyük ümidlərlə gəlmişdik. İstəyirdik ki, komandanı zirvələrə daşıyaq. Həqiqətən də ilk dövrədə yaxşı etdik.

- İkinci dövrəyə də pis başlamadınız. “Xəzər-Lənkəran” kimi iddialı rəqibdən səfərdən xal aldınız...
- Əslində, faciə Lənkərandakı həmin oyunda baş verməli idi. Ancaq Yunis müəllimin sayəsində pis aqibətdən yaxa qurtardıq.

- Sözlərindən belə çıxır ki, fevralda da maaş almırdınız. Bəs belə olan halda, “Xəzər-Lənkəran”a qarşı inamlı, baxımlı oyun nəyin nəticəsi idi? Ümumiyyətlə, belə söhbət var idi ki, həmin görüşə heç çıxmayasınız?
- Çıxmağına çıxacaqdıq. Sadəcə, biz göstərmək istəyirdik ki, Azərbaycanda futbol var, azərbaycanlılar futbol oynaya bilirlər. Düzdür, komandamızda legionerlər də olsa da, heyət daha çox yerli oyunçulardan təşkil olunub. Azərbaycana gələn səviyyəli legionerlərə hörmətim var və bizdə də belələri var. Bilirsiniz, gəminin bir kapitanı olar, bir neçə yox.

- Fikrini necə izah edərdiniz?
- Bu, rəhbərliyə aiddir. Yəni, sözümün canı odur ki, klubun bir rəhbəri olmalıdır. “Karvan”da isə bir yox, bir neçə rəhbər şəxs var. Kluba bir neçə nəfər baxır. Ancaq əslində, biz onların üzünü ikinci dövrədə heç görməmişik. “Karvan”da ciddi maliyyə problemləri var. Dekabrdan bu yana maaşlarımızı ala bilməmişik. Pulumuzu vermirlər və problemlər yığılaraq, son həddə çatdı. Artıq gizlədiləsi bir şey qalmadı və hər şey hamıya məlum oldu.

- İkinci dövrədə uğursuz çıxışınıza əsas səbəb kimi autsayder “Bakılı”ya səfərdə 1:2 hesablı məğlubiyyətdən sonra komandanın özünə gələ bilməməyi göstərilirdi. İndi aydın olur ki, əsl səbəb bu deyilmiş...
- “Bakılı”ya uduzduğumuza görə bizə cərimələdilər. Başa düşürəm ki, bir komandaya, elə autsayderə məğlubiyyətə görə bu addımı atmaq olar. Ancaq məsələ ondadır ki, həmin vaxt bizim bir aylıq maaşımızı kəsdilər. Bu, heç yerdə görünməmiş bir şeydir. Futbolçunu cərimələmək olar, ancaq bu qədər yox da. Uğursuzluğa görə aylıq maaşın müəyyən faizini tutmaq olar.

- Özü də nəzərə alaq ki, həmin oyunun keçirildiyi Zabrat qəsəbə stadionunda meydança bərbad vəziyyətdə idi. Yəni, məğlubiyyətinizdə bu amilin böyük rolu oldu...
- Doğrudur. Elə meydançada futbol adından söhbət gedə bilməzdi. Buna görə “Bakılı” ilə görüşün təxirə salınmasını istədik. Buna çalışsaq da, istəyimizə çatmadıq. Bundan sonra ardıcıl məğlubiyyətlər gəldi. Futbolçularda, xüsusilə gənclərdə psixoloji durum pis oldu.

- Təbii ki, uzun müddət məvacib almayan futbolçu oyuna köklənə bilmir. Ailəni dolandırmaq üçün hətta borc almağa məcbur olursan...
- Bəli, belə hallar olur. Yunis müəllimə görə dəfələrlə güzəştə getdik. Çünki baş məşqçimizə böyük hörmətimiz var. Onunla duz-çörək kəsmişik, dostluq edirik. Ancaq vəziyyət elə həddə gəlib çatdı ki, daha dözmək qeyri-mümkün idi.

- Artıq komandanızı 6 futbolçu tərk edib. Yəqin ki, belə gedişlə yenə gedənlər olacaq...
- Gedənlər çox olacaq. Bundan əlavə, qalanlardan da heç kim meydanda canını qoymayacaq. Elə futbolçular var idi ki, ayaq qoyulmalı yerə başını da qoymağa hazır idi. Ancaq indi onlar özlərini yeni mövsüm üçün qorumağa çalışacaq. Çünki onsuz da pul almırıq, Allah eləməsin zədə alsaq, onda necə olacaq? Kim bunun məsuliyyətini daşıyacaq? Kim bunu sığortalayacaq? Bu il maaş üzünə həsrət qalmışıq. Üstəlik, zədə alanda yazıq, yetim futbolçu nə etməlidir? Futbolçu daş yeməlidir? Pulu yoxdur, ailəsini dolandıra bilmir, zədəni necə müalicə etdirsin?

- Maraqlıdır, Kamal Quliyev bu müddətdə necə dolanıb?
- Vəziyyətimiz çox pisdir, heç deyiləsi deyil. Futbolçu ailəsini dolandırmaq üçün qazanmalıdır. Hətta elə oyunçular var, borc içərisindədirlər.

- “Karvan”da aylıq məvacibiniz nə qədər təşkil edir?
- Klubla müqavilə bağlayanda razılaşdırılan məbləğin 30 faizini aldıq. Qalan 70 faiz bir ilə bölünərək, hər ay maaş şəklində verilməli idi. Almalı olduğumuz məbləği orta hesabla götürəndə pis deyildi. Hər halda, Azərbaycan səviyyəsində normal yaşamaq üçün yetərli idi. Ancaq ölkəmizə gələn elə legionerlər var ki, ustalıq səviyyələri bizdən qat-qat aşağıdır, ancaq güclü klublarımızda daha çox ehtiyatda qalaraq yaxşı pul alırlar. Mən onların qazancına qarşı çıxmıram. Sadəcə, deməyim odur ki, biz həmin legionerlərlə müqayisədə qəpik-quruş qazanırıq.

- Misal üçün, komandanızın moldovalı hücumçusu Anatoli Doroş ayda 4000 dollar maaş alırdı. Artıq “Karvan”ı tərk edən bu legioner razılaşdırılan məbləğin yarısına da oynamağa hazır imiş...
- Mən “Karvan”dakı aylıq maaşımı açıqlamaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, Doroşla məvacibim arasında fərq cüzidir.

- Hər halda, kapitan olduğunuzu nəzərə alsaq, qazancın ondan çox olar...
- Doğrudur.

- Sizcə, “Karvan”da maliyyə problemi dünyadakı maliyyə böhranı ilə bağlıdır, yoxsa?
- Mən maliyyə böhranı haqda bir söz deyə bilmərəm. Lap bu, böhranla bağlıdırsa, rəhbərlikdən bir nəfər çıxıb, vəziyyəti izah etsin. Çox təəssüf ki, bizdə heç bunu da demirlər. Axı biz bir ailəyik, rəhbərlik bizə çörək verir, çəkdiyimiz zəhmətin qarşılığını verməlidirlər. Desinlər ki, klubda maliyyə baxımdan çətinlik var, bir-iki aya pul verə bilməyəcəyik, çıxın adınıza, “Karvan”a görə oynayın. Belə olan halda, biz də deyərdik ki, heç bir problem yoxdur. Yoxsa rəhbərlik futbolçunun qarşısına çıxmasın, heç əlaqə olmasın, bu, düzgün yanaşma deyil. Bir sözlə, söhbət rəhbərliyin futbolçuya olan diqqətindən gedir.

- Aqil Məmmədov “Karvan”ı tərk edərək, Sumqayıta qayıtdı. Bəs Kamalı Yevlaxda nə saxlayır?
- Bu, yalnız Yunis Hüseynovla bağlıdır. Onunla bir yerdə oynamışıq, dostuq. 2004-cü ilin yayında “Karvan”ın yaranmasında bizim də əməyimiz oldu. Həmin vaxt mən Ukraynadan vətənə döndüm. “Volın”da çıxışımı başa vurub, yeni yaranan “Karvan”a keçməyə qərar verdim. Halbuki, mən əvvəllər deyirdim ki, ömrümün axırına qədər “Neftçi”də oynayacağam. Ancaq həmin vaxt bu komandaya qayıtmağa yox, “Karvan”da çıxış etməyə üstünlük verdim. Yunis Hüseynova hörmətim böyükdür və məni indi “Karvan”a yalnız bu şəxs bağlayır.

- Komandanın gələcək taleyini necə görürsən? Necə hesab edirsiniz, “Karvan” bir sıra klublarımız kimi tarixin yaddaşına köçəcək?
- Hər halda, hadisələrin belə axarı “Karvan”ın da belə aqibət gözləyir.

- Yəni, “Karvan” dağılsa, buna təəccüblənməzsiniz?
- Yox. Niyə təəccüblənməliyəm ki? Sadəcə, “Karvan”a belə münasibət, laqeydlik heç də yaxşı deyil. Axı bu klub daim iddialı olub, həmişə qarşısına yüksək məqsəd qoyub, çempionluq, mükafatlar uğrunda mübarizə aparıb. Debüt mövsümündə bürünc, ardından gümüş medal qazanıb. “Karvan” UEFA kubokunda mərhələ adlayan yeganə komandamızdır. Klubun gözəl infrastrukturu, bazası yaradılıb. Yaxşı ot örtüyünə malik gözəl meydançamız var. Vaxt var idi stadionumuza “Karvan”ın oyunlarına nə qədər azarkeş gəlirdi. İndi isə heç rəhbərlərimiz matçlar zamanı gözə dəymir ki, bu təəssüf doğurur. “Karvan”ın indiyə kimi çıxışından, qazandıqlarınsan sonra belə vəziyyətə düşməsi acınacaqlı hal, biabırçılıqdır.

- Yəqin ki, bu gedişlə mövsümün başa çatmasını gözləyib, həmin vaxt siz də “Karvan”ı tərk edəcəksən...
- Hələ ki baş verənlər belə deməyə əsas vermir. “Karvan”da o halda qalaram ki, müqavilənin şərtləri vaxtlı-vaxtında yerinə yetirilsin, borcun hamısını versinlər. Mənim bu klubdan alacağım var. Bilirsiniz, Azərbaycan mentalitetində, futbolunda kişi sözü var. Ancaq əfsuslar olsun ki, indi bu söz çox ucuzlaşıb. Yenidən belə problemlərlə üzləşməyi istəmədiyim üçün hər şey hüquqi çərçivədə tənzimlənməlidir.
0