Hacıyevski və Şakiri Makedoniya yığmasının baş məşqçisi postuna namizəddir
10.04.2009 - 10:00
Hacıyevski və Şakiri Makedoniya yığmasının baş məşqçisi postuna namizəddir
“Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski yenidən Makedoniya yığmasını çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, 54 yaşlı mütəxəssis öz ölkəsinin əsas komandasının baş məşqçisi postuna namizədlər sırasında yer alıb.

Sloveniyalı Sreçko Katanetsin istefasından sonra Makedoniya Futbol Federasiyasının namizədlər siyahısı açıqlanıb. Hacıyevski ilə yanaşı, siyahıda Çedomir Yanevski, Nikola İlievski, Mirsad Yonuz, Boşko Qyurovski, Vuyadin Stanoykoviç, Boban Babunski, Branko İvankoviç, Draqolyub Bekvalaç, Lyubişa Tumbakoviç, Dimitar Penev yer alıb. Bu mütəxəssislərdən 4-ü bizə daha yaxşı tanışdır.

Yanevski milli komandamızın hücumçusu Branimir Subaşiçi “Srvene Zvezda”da bir müddət oynadıb sonradan qovan mütəxəssisdir. Babunski və Bekvalaç ötən yay müvafiq olaraq “Rabotniçki” (Makedoniya) və “Voyvodina” (Serbiya) klublarının baş məşqçiləri kimi ölkəmizə gəlib. Babunski “İnter”ə Çempionlar Liqasında uduzubsa, Bekvalaç “Olimpik”i UEFA kubokundan kənarlaşdırıb. İvankoviç isə iki il əvvəl ÇL-də “Xəzər-Lənkəran”ı üstələyən “Dinamo”nun (Xorvatiya) çalışdırıcısı olub.

Maraqlıdır ki, namizədlər arasında hələ futbolçu karyerasını davam etdirən Artim Şakiri də yer alıb. Cari mövsümdən Ağdamın “Qarabağ” klubunda çıxış edən 36 yaşlı yarımmüdafiəçi Makedoniya yığmasını çalışdırmaq təklifi alacağı halda, futboldan gedəcəyini bəyan edib. Hacıyevskinin yetirmələrindən sayılan Şakiri uzun müddət onun rəhbərliyi altında yığmada oynayıb. Makedoniyalı həmkarlarımız “Bakı”nın çalışdırıcısının namizədlər arasında favorit sayır. Bu da onun milli komandada daha uğurlu nəticələr qazanmağı ilə bağlıdır. Lakin onlar Hacıyevskinin vətənə qayıdacağına inanmırlar. Makedoniyalıların fikrincə, bu mütəxəssis Azərbaycanda özü haqda yüksək fikir formalaşdırıb və çalışdırdığı “Bakı” çempionluğa əsas namizəddir.
0