Mahir Şükürovla Junivan Suares “Bakı”dan üzr istəməyə hazırdırlar
10.04.2009 - 13:01
Mahir Şükürovla Junivan Suares “Bakı”dan üzr istəməyə hazırdırlar
“Topun mənə necə ötürüldüyünü görməmişdim. Həmin anda yerə yıxılmışdım. Bir də gördüm top düşdü qabağıma”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Olimpik” klubunun hücumçusu Junivan Suares deyib.

Azərbaycan Premyer Liqasının XX turunda keçirilən “Olimpik” – “Bakı” matçında “Fair Play” qaydalarına əməl etməyən meydan sahiblərinin böyük əks-sədaya səbəb olan qolunun müəllifi baş verənlərlə bağlı təşkil olunan mətbuat konfransında hadisəyə münasibətini açıqlayıb: “Belə bir vəziyyətdə topu qapıya vurmağa qərar verdim. Baş verənlərə görə üzr istəməyə hazıram. Qol epizoduna gəlincə, ağrılar ciddi olmadığından həkim müdaxiləsi olmadan ayağa qalxdım”.

Braziliyalı futbolçuya məhsuldar ötürmə verən, ümumiyyətlə həmin matçın antiqəhrəmanı olan Mahir Şükürov da komanda yoldaşı kimi, heç nə görmədiyini iddia edir: “Hava ötürməsi zamanı top Rafael Əmirbəyovun əlinə dəymişdi. Hakim oyunu saxlamadığından laynsmana yaxınlaşıb ona vəziyyəti başa salırdım. Belə olan halda, topu kimin yan xətdən çıxardığını görmədim. Ona görə də topu boş olan Junivana verdim ki, o da topu saxlayıb ikinci toxunuşla qol vurdu”.

Şükürov hamının günahkar saydığı “Olimpik”lə yanaşı, “Bakı”nı da ittiham edib: “Birinci dövrədə “Bakı”nın qalib gəldiyi oyunda da biz ədalətsizliklə üzləşmişdik. Bu oyunda mənim Ernad Skuliçə qarşı kobudluq etməyimlə bağlı deyilənlər düzgün deyil. Orada sarı vərəqə rəqibə göstərilməli idi. Çünki mən ona toxunmadım. Skuliç özü yerə yıxıldı ki, bu simulyasiya idi”.

Tədbir zamanı Mahir üzr istəməyib: “Mən başda vitse-prezident Zeynal Məmmədov olmaqla, “Bakı” klubundan üzr istəməyə hazıram. Amma Qyoko Hacıyevskidən yox. Həmin epizoddan sonra yarım saat mənimlə söyüşüb. Belə alicənab idisə, oyunun bitməsini gözləyərdi. Matçda gərginlik olur, belə şeyləri sonraya saxlamaq lazımdır. Hacıyevskidən üzr istəməyəcəyəm”.

Qeyd edək ki, “Olimpik” – “Bakı” matçında hesabda geri olan meydan sahibləri həmin qalmaqallı qolla bərabərliyi bərpa edərək sonda 2:1 hesabı ilə qalib gəlmişdi.
0