Bu da “Bakı”nın mövqeyi: “Olimpik”lə oyuna qapıçısız da çıxarıq!
10.04.2009 - 13:21
Bu da “Bakı”nın mövqeyi: “Olimpik”lə oyuna qapıçısız da çıxarıq!
“Biz “Olimpik”lə təkrar oyuna hazırıq. Özü də meydana qapıçısız çıxacağıq, yəni 10 nəfərlə”. Bu sözləri apasport.az saytına “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

“Olimpik”in Azərbaycan Premyer Liqasında XX turun qalmaqallı oyununu yenidən keçirmək üçün irəli sürdüyü sərtlərə münasibət bildirən Məmmədov qarşı tərəfi yalan danışmaqda ittiham edib. “Bakı” rəsmisi vurğulayıb ki, “Olimpik”dən müraciət qəbul etmələri həqiqətəuyğun deyil: “Onlar yalan danışırlar. Bizə heç bir müraciət olunmayıb. Əksinə, biz “Olimpik”ə məktub ünvanlamışıq. Düzü, “Olimpik”in prezidenti Rəsul Rəsulovdan belə şey gözləmirdik. İndi onlar deyirlər ki, ay bilməmişik, görməmişik, üzr istəyirik. Elə şərtlər irəli sürürlər ki, bundansa “oynamırıq” deməkləri yaxşıdır”.

Qeyd edək ki, “Olimpik” “Fair qaydaları”na zidd qol vuraraq, “Bakı”ya 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə “təyyarəçilər” qarşılaşmanın təkrar keçirilməsinə razı olduqlarını bildiriblər və bundan ötrü 4 şərt irəli sürüblər.
0