Kamal Quliyev: Rəhbərlik verdiyi pulu “Turan”a məğlubiyyətdən sonra əlimizdən aldı
13.04.2009 - 17:12
Kamal Quliyev: Rəhbərlik verdiyi pulu “Turan”a məğlubiyyətdən sonra əlimizdən aldı
“Turan”a səfərdə 0:4 hesablı məğlubiyyət ümumiyyətlə, futbolçu karyeramda ən ağır yenilgi idi”. Bunu apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun kapitanı Kamal Quliyev deyib.

Azərbaycan Premyer Liqasında son turunda səfərdə “Turan”a 0:4 hesabı ilə uduzan “Karvan” tarixində ən böyük hesablı məğlubiyyətini aldı. Bunadək 4 top fərqi ilə uduzmayan Yevlax təmsilçisi artıq turnir cədvəlində 10-cu pilləyə düşüb: “Düzdür, həmin oyunda itkilərimiz də çox idi. Vüqar Nadirovla Tural Nərimanov zədə, Namiq Əliyevlə Ernani Pereyra cəza üzündən bizə kömək edə bilmədi. Məcburiyyətdən əvəzedici komandamızdan iki futbolçu götürülmüşdü. Söhbət ondan getmir ki, biz turnir cədvəlində hansı yerdə gedən komandaya uduzmuşuq. Hesab edirəm ki, “Turan” yaxşı komandadır. Sadəcə, dörd cavabsız top buraxmaq, bu, artıq biabırçılıqdır. Belə çıxır ki, biz həmin görüşdə oynamamışıq, “fişka” kimi meydanda dayanmışıq. Bu ağır məğlubiyyətdən sonra özümə gələ bilməmişəm, bütün günü fikir içindəyəm”.

“Karvan”da maliyyə problemləri olsa da, Quliyev “Turan”la oyun öncəsi bu planda irəliləyişin olduğunu bildirib: “Bizə üç ayın maaşını verməmişdilər. Həmin borcun bir ayını “Turan”la oyundan öncə gətirib verdilər. Aqil Məmmədovla İlham Yadullayevin də qayıdışı da bununla bağlı idi. Ancaq bütün bunların da təsiri olmadı. Görünür, komanda psixoloji cəhətdən hazır deyil. Həmin bir aylıq əmək haqqını “Turan”a 0:4 hesablı məğlubiyyətdən sonra əlimizdən aldılar. Dedilər ki, qarşıdakı oyunlarda qələbə qazanacağınız halda, pulunuzu verərik”.
0