Uelsli azarkeşlər Bakıya yürüşə başladı
14.04.2009 - 10:00
Uelsli azarkeşlər Bakıya yürüşə başladı
Dünya çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Uels oyununa təxminən iki ay qalsa da, britaniyalılar matçın hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, Uels milli komandasının azarkeşləri qarşılaşmanın baş tutacağı Bakıya səfərin planına aydınlıq gətirib.

Belə ki, britaniyalı fanatlardan ikisi Azərbaycana yürüş etmək qərarına gəlib. Mark Koklaf və Riçard Cons seçmə oyunu izləmək üçün 18 günlük səfərə hazırlaşır. Yürüş zamanı 10 ölkədən keçəcək uelslilər yol boyunca qarşılarına çıxan uşaq evlərinə baş çəkərək, oradakı balacaları sevindirməyi də planlaşdırır.

Paytaxtımıza gələn yolda Bratislava (Slovakiya), Vyana (Avstriya), Budapeşt (Macarıstan), İstanbul (Türkiyə), Tiflis (Gürcüstan) şəhərlərinin uşaq evlərinə baş çəkəcək azarkeşlər 29 yaşlı Mark və 34 yaşlı Riçard qət etməli olduqları yolun uzunluğunu da artırıb. Təyyarə ilə yol təxminən 3500 mil olduğu halda, uelslilər bəzi şəhərlərə dönməklə, məsafəni 5000 milə çatdırıblar.

Bu Riçard üçün əlavə problemə də səbəb olub: “Sevgilim mənim üçün narahat idi. Lakin peyk vasitəsilə bizi izləmək imkanının olduğunu biləndə sakitləşdi. Həm də axı bu xeyriyyə məqsədi daşıyır”.

Qeyd edək ki, Markla Riçard mayın ikinci ongünlüyündə yürüşə başlayacaq.
0