Pavlyuçenko: Londonda Azərbaycanla oyunda uğurlu çıxışıma görə məni təbrik etdilər
14.04.2009 - 10:06
Pavlyuçenko: Londonda Azərbaycanla oyunda uğurlu çıxışıma görə məni təbrik etdilər
“Milli komandaya yollanmağım əhval-ruhiyyəmi yüksəltdi. Hər halda, ora boşuna getmədim. Azərbaycan yığması ilə oyunda qol vurdum və məhsuldar ötürmə verdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının hücumçusu Roman Pavlyuçenko deyib.

Cari mövsümdən İngiltərənin “Tottenhem” klubunda çıxış edən 27 yaşlı futbolçu bir aylıq fasilədən sonra Premyer Liqada öz sözünü deyib. Bu müddətdə klubunda ehtiyatda qalan, hətta əvəzedici komandaya göndərilən Roman ilk olaraq, yığmamızla martın 28-də Moskvada keçirilən görüşdə (2:0) öz sözünü dedi: “Düzdür, yığmadan qayıdandan sonra yenə də ehtiyatda oturdum. Ancaq bununla belə, gərgin məşqlərimi davam etdirirdim. Məlum olduğu kimi, heç bir iş boşuna getmir”.

Son turda “Vest Hem”lə ev oyununda (1:0) sonradan meydana çıxaraq, qələbə topunun müəllifi olan Pavlyuçenko bu qolun lap yerinə düşdüyünü söyləyib. Onun sözlərinə görə, klubundakılar Azərbaycanla oyunda uğurlu çıxışına görə təbrik ediblər: “Komanda yoldaşlarım yığmadakı uğurlarıma görə məni təbrik etdilər. Hətta “Tottenhem”in ikinci məşqçisi mənə yaxınlaşıb dedi ki, məhsuldar oyunum haqda məlumatlıdırlar və buna görə şaddırlar. Yığma üçün güc həmişə çatar. İngiltərə çempionatı mayın sonunda bitəcək. Bundan sonra Finlandiya ilə görüşə qədər hələ 10 gün qalacaq və buna görə də problem yaranmamalıdır. İstirahəti isə futbolçu karyeramı başa vurandan sonra edərik”.

Qeyd edək ki, Pavlyuçenko milli komandamızla oyunun ilk hissəsində cərimə zərbəsini dəqiq yerinə yetirib. Fasilədən sonra isə hücumçu etdiyi məhsuldar ötürmə ilə Konstantin Zıryanovun oyunda son nöqtə qoymasına imkan yaratdı.
0