AFFA rəsmisi Türkiyəyə otel seçməyə gedir
14.04.2009 - 10:47
AFFA rəsmisi Türkiyəyə otel seçməyə gedir
İyunun 2-də keçiriləcək Türkiyə - Azərbaycan beynəlxalq yoldaşlıq görüşünə hazırlıq məqsədilə AFFA rəsmisi, milli komandanın baş inzibatçısı İslam Abbasov qonşu ölkəyə səfər edəcək. Bu haqda apasport.az saytına assosiasiyanın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, Abbasov Türkiyədə otel seçəcək.

“O, aprelin sonları-mayın əvvəllərində Türkiyəyə yollanacaq. Bizim nümayəndəmiz otellərə baxacaq və onlardan ən uyğununu futbolçularımızın matç zamanı məskunlaşması üçün sifariş edəcək” - deyə Məmmədov vurğulayıb.

Baş katib Türkiyə Futbol Federasiyası rəsmiləri ilə mütəmadi əlaqə saxladıqlarını bildirib: “Sonuncu dəfə ötən ay UEFA-nın Kopenhagendə təşkil olunmuş konqresində Türkiyə Futbol Federasiyasının rəsmisi Lütfi Arıboğanla görüşdüm. Bir sıra məsələlər barədə danışdıq. Ümumilikdə, hər şey qaydasındadır və iyunun 2-də milli komandalarımız üz-üzə gələcəklər”.

Türkiyə və Azərbaycan yığmaları Kayseri şəhərinin “Kadir Has” stadionunda görüşəcəklər.

Xatırladaq ki, indiyədək milli komandamız Türkiyə ilə 4 dəfə qarşılaşıb. Bunlardan ikisi Bakıda yoldaşlıq görüşü çərçivəsində gerçəkləşib. 1996-cı ildə yığmamız 0:1 hesabı ilə uduzub. Üç il əvvəl baş tutmuş ikinci yoldaşlıq matçı isə heç-heçə nəticələnib. “Ay-ulduzlular”la 2002-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində də daha 2 dəfə münasibətləri ayırd etmişik. Bakıda bizə minimal hesabla qalib gələn türkiyəlilər öz meydanlarında qələbə qazanıblar - 3:0.
0