Xaqani Məmmədov: Rövşən Əhmədov yalnız bir turluq cəzalandırılıb
14.04.2009 - 11:39
Xaqani Məmmədov: Rövşən Əhmədov yalnız bir turluq cəzalandırılıb
Milli dərəcəli hakim Rövşən Əhmədov Azərbaycan Premyer Liqasının qarşıdakı turuna təyinat almayacaq. Bu haqda apasport.az saytına AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Premyer Liqanın son turu çərçivəsində “Qəbələ” – “Olimpik” oyununda (1:1) səhvə yol verən Əhmədov yalnız bir turluq kənarlaşdırılıb: “Rövşən növbəti turda idarəçilik etməyəcək. Hər hakim dalbadal hər tur idarə etməməlidir ki... Əvvəldən də demişik ki, kim layiqdirsə, ona da təyinat veriləcək. Mətbuatda Əhmədovla bağlı fikirlərim düzgün başa düşülməyib. Biz nə onun xidmətindən birdəfəlik imtina etmişik, nə də cari mövsümün sonuna qədər kənarlaşdırmışıq. Rövşən artıq gələn həftə keçiriləcək turun oyunlarına təyinat ala bilər”.

HK sədri Əhmədovun Qəbələdəki oyunda buraxdığı səhvə də toxunub: “Əhmədov həmin görüşdə nəticəyə təsir edən səhv buraxmayıb. Sadəcə, metodiki səhvə yol verib. Onun kimi təcrübəli hakim meydanda baş verənlərə vaxtında müdaxilə edib, qəti qərar qəbul etməli idi. Daha uzadıb, vəziyyəti bu həddə gəlib çıxartmazdı. Biz Rövşənlə bağlı çıxarılan qərarı qəbul edərkən, elə onun təcrübəli hakim kimi belə metodiki səhvə yol verməməli olduğunu əsas götürdük”.

Qeyd edək ki, Əhmədov “Qəbələ” – “Olimpik” oyununda qonaqların moldovalı müdafiəçi Sergey Laşenkovu səhvən meydandan qovub. Əslində o, “Qəbələ”nin qvineyalı yarımmüdafiəçisi Abdulkadir Kamara ilə insidentdə iştirak edən “Olimpik”in braziliyalı hücumçusu Junivan Suaresi cəzalandırmalı imiş. Vərəqəni səhvən başqa futbolçuya göstərdiyini sonradan anlayan Əhmədov Laşenkovun “qırmızı”sını ləğv edib. Kamara meydandan qovulduğu halda, Suares bu epizodda canını sarı vərəqə almaqla qurtarıb.
0