“Onlar daha təyinat almayacaqlar”
14.04.2009 - 12:09
“Onlar daha təyinat almayacaqlar”
AFFA Babək Quliyev və Anar Niyazov barədə çıxardığı qərarla bağlı FİFA-nı rəsmən məlumatlandırıb. Bu haqda apasport.az saytına Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, hər iki hakim istənilən halda, cari mövsümün sonuna qədər FİFA referisi dərəcəsini daşıyacaqlar.

“Onlar hakimlərlə bağlı Nizam-İntizam Məcəlləsinin müvafiq maddəsini pozduqları üçün cəzalandırıblar. Orada cəzanın müddəti göstərilməyib. Artıq biz FİFA-nı bununla bağlı rəsmən məlumatlandırmışıq. AFFA-nın baş katibi Elxan Məmmədovun imzası ilə rəsmi sənəd göndərmişik. Bu il onların daha təyinat almamaqları mümkündür. İnanmıram ki, belə qərardan sonra onlara beynəlxalq matçlara təyinat gəlsin. Hər halda, beynəlxalq futbol qurumları belə məsələlərdə ilk növbədə milli federasiyaların maraqlarını üstün tutur. Bununla belə, Babəklə Anar bu ilin dekabrın 31-ə qədər FİFA referisi dərəcəsini daşıyacaqlar. Quliyevlə bağlı çıxarılan qərar onun gələcək beynəlxalq karyerasına öz mənfi təsirini göstərə bilər. Hər halda, beynəlxalq futbol qurumlarından aldığı böyük etimadı nəzərə alaraq, belə hərəkət etməməli, Hakimlərin Nizam-İntizam Məcəlləsini pozmamalı idi” – deyə Məmmədov bildirib.

HK sədri sabiq FİFA referiləri Zöhrab Qədiyev, İmanxan Sultani və Munis Abdullayevin məsələsinə də aydınlıq gətirib. Premyer Liqanın XX turunda səhvə yol verən hər üç hakim ötən tur təyinat almadı. Qədiyevlə Abdullayev qalmaqallı “Olimpik” – “Bakı” (2:1), Sultani isə “Xəzər-Lənkəran” – “Standard” görüşündə (4:0) səhvə yol verib: “Onları da qeyri-müəyyən müddətə kənarlaşdırmışıq. Bu, yalnız cari mövsümə şamil oluna bilər, olunmaya da. Bu üç hakimin ümumiyyətlə, idarəçilik etməyəcəyi də istisna deyil”.
0