Babək Quliyev: ...Azərbaycan futbolu heç vaxt irəli gedə bilməz
14.04.2009 - 13:07
Babək Quliyev: ...Azərbaycan futbolu heç vaxt irəli gedə bilməz
Hakimlikdən kənarlaşdırılan FİFA referisi Babək Quliyevin apasport.az saytına müsahibəsi

- AFFA-nın Apelyasiya və Ekspert Komissiyası Hakimlər Komitəsinin haqqınızda çıxardığı qərarı qüvvədə saxladı. Yəni, hakimliyə qayıtmağımız hələ bir müddət mümkün olmayacaq. Nə etmək fikrindəsiniz?
- Qərarda hakimlikdən nə vaxta qədər kənarda qalacağım göstərilməyib. Bu, qeyri-müəyyən müddətdir. Yəni, bir ay da ola bilər, üç ay da, bir il də. Və yaxud daha az. AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun mənə təqdim etdiyi sənəddə cəzanın müddəti göstərilməyib.

- Belə çıxır ki, xeyli müddət ala bilmədiyiniz həmin qərar nəhayət, sizə təqdim olundu...
- Bəli. Bu, AFFA-nın Apelyasiya və Ekspert Komissiyasının iclasından bir gün əvvəl mənə verildi. Qərarda rüşvətxorluqdan söhbət getmir. Elə Apelyasiya və Ekspert Komissiyası da bunu təsdiqlədi. Hakimlərlə bağlı Nizam-İntizam Məcəlləsinin müvafiq maddəsini pozmuşam. Belə ki, idarə etdiyim “Bakı” – “Qarabağ” oyunundan sonra qonaqların direktoru Əmrah Çəlikəlin telefon zənginə cavab verməməli idim. FİFA referisi kimi, nailiyyətlərim 17 illik müstəqillik tariximizdə ən yüksək göstəricidir. Belə çıxır ki, bir telefon zənginə cavab verməyimlə bunun üstündən xətt çəkilir. Əgər belədirsə, bunu onların vicdanına yazıram. Hesab edirəm ki, qərar düzgün deyil. Haqqımda belə qərar çıxarılırsa, qoy Allah canlarını sağ eləsin. İlk gündən əminliklə demişdim ki, rüşvətxorluqla bağlılığım yoxdur, bu haqda deyilənlər həqiqəti əks etdirmir. Necə ola bilər ki, uduzan komandadan rüşvət alasan? Bunlar absurd idi. Dediklərim sübut olundu və mənə də ilk növbədə bu, lazım idi. Rüşvətxorluqla bağlı ləkə, damğa üzərimdən götürüldü.

- AFFA-nın çıxardığı qərar haqda FİFA-nı rəsmən məlumatlandırmasına münasibətinizi bilmək istərdik...
- AFFA-nın Hakimlər Komitəsinin çıxardığı həmin qərarı artıq FİFA-ya göndərdiyini bilirəm. Bilirsiniz, hakimliyi şəxsi ambisiyalara görə etmək olmaz. Nə mən, nə də heç kimin haqqı yoxdur ki, şəxsi ambisiyaları ön plana çəksin. Bunun qarşısı alınmasa, Azərbaycan futbolu heç vaxt irəli gedə bilməz.

- Bu ayın sonunda İsveçrənin Nyon şəhərinə UEFA-nın istedadlı hakimlərlə bağlı toplantısına getməli idiniz...
- UEFA-dan bununla bağlı rəsmi sənəd almışdım. İnternet poçtumda İsveçrəyə səfərimin marşrutu göstərilmişdi. Ancaq səfərim baş tutmayacaq. Çünki ora getmək üçün ilk növbədə viza məsələmi həll etməli idim. Səfərə çıxmağa 13 gün qalıb və bu müddətdə həmin problemi yoluna qoymaq mümkün deyil. Göründüyü kimi, UEFA-nın istedadlı hakimlərlə bağlı toplantısına gedişimə əngəl törədildi.

- Mayın sonunda isə İngiltərəyə, 19 yaşlılar yığma komandalar arasında eilt raundun oyunlarına idarəçiliyə yollanmalısınız. Bəs bu necə olacaq?
- İndi əsas məsələ də elə budur. Axı haqqımda çıxarılan qərar İsveçrəyə göndərilib. Belə olan halda, ixtiyarım yoxdur ki, gedəcəyimi təsdiqləyim. Bu səlahiyyət mənə yox, federasiyaya verilib.

- AFFA qərarı göndərdiyi halda, təyinatın göndərilməsinə səbəb nədir?
- Elə bu, mənim üçün müəmmalı olaraq qalıb. İngiltərəyə bu il FİFA hakim-köməkçisi Orxan Məmmədovla birgə getməliyəm. Bizim səfərimizin marşrutu göstərilib. 26-da səhər saatlarında Bakıdan İstanbula, ordan da Mançesterə yollanmalıyıq. 19 yaşlı yığmaların oyunları həmin şəhərdə keçiriləcək. İngiltərə, Şotlandiya, Slovakiya və Bosniya və Herseqovina bir qrupda yer alıb. Qrupdan da yalnız bir komanda, qalib final mərhələsinə vəsiqə qazanacaq. Polşalı kuratorum olan beynəlxalq dərəcəli hakim-inspektor Rixard Voyçik ora gəlməsi nəzərdə tutulmuşdu. Azərbaycan hakimlər İngiltərədə, Mançester kimi tanınan futbol şəhərində idarəçilik edəcəkdir. Məgər bunun nəyin pisdir? Biz ona görə qabağa getmirik. Burada söhbət Babək Quliyev yox, Azərbaycanın adından gedir.

- Hakimlikdən kənarlaşdırılmağınızla praktika sarıdan korluq çəkəcəksiniz ki, bu da problem yaradır.
- İndiyə kimi heç bir hakimimiz UEFA-nın 3-cü kateqoriyasına yüksəlməmiş, istedadlı hakimlər qrupuna daxil edilməmişdi. Uzun müddət FİFA referisi dərəcəsini daşıyan hakimlərimiz buna nail olmamışdı. İstedadlı hakimlər qrupunda olmağım 2-ci kateqoriyaya yüksəlməyim şansını artırırdı. Bu isə təkcə mənə yox, bütövlükdə hakimliyimiz üçün faydalı olacaqdı. Ancaq UEFA məni istedadlı hakimlərin toplantısına dəvət edir və mən də məlum səbəblərdən ora gedə bilməyəcəyəm. Nəticədə orada, 3-cü kateqoriyada yerimi itirəcəyəm. Mən bunu yüz faiz bilirəm. Ora düşmək nə qədər yaxşı olsa da, təkcə bununla iş bitmir. Yəni, beynəlxalq oyunlar idarə etməlisən. Bunun sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Əgər beynəlxalq oyun idarə etməyəcəyəmsə, mənə təyinat gəlməyəcəksə, necə irəli gedə bilərəm?

- Gələcəkdə FİFA referisi dərəcəsini itirmək təhlükəsi ilə də üz-üzə qalırsınız...
- Növbəti il FİFA referisi kimi adım göndərilsə, 4-cü qrupa yuvarlanacağam. Bu isə bizim üçün mənfi cəhət olacaq. Belə çıxır ki, indiyə kimi qazandıqlarım hamısı itir, çəkdiyim zəhmət hədər getdi və hər şeyi yenidən başlamalı olacağam. Bu isə mənə lazım deyil. UEFA da baxıb güləcək ki, bunların neçə ildə bir hakimi bu dərəcəyə yüksəldi, onunla da bağlı belə qərar çıxarıldı. Belə FİFA referiliyini heç istəmirəm. Mənə belə dərəcə lazım deyil. Bütün bunlar bir tarixdir və bir neçə ildən sonra dediklərim öz təsdiqini tapacaq.
0