“Bizə “qardaş” deyənlər, stadionda anamıza söyürdülər”
14.04.2009 - 13:14
“Bizə “qardaş” deyənlər, stadionda anamıza söyürdülər”
Türkiyə Superliqasının son turunda böyük insident yaşanmış “Qalatasaray” - “Fənərbaxça” (0:0) oyununun ətrafında qalmaqallar səngimək bilmir. Apasport.az saytının məlumatına görə, derbidən sonra ara yenidən qarışıb. Buna “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəlin “Qalatasaray”lı futbolçuları kəskin tənqid etməsi səbəb olub.

Volkan rəqib komandanın üzvlərini ikiüzlülükdə günahlandırıb: “Çöldə bizə “qardaş” deyən “Qalatasaray”ın bəzi oyunçuları, “Əli Sami Yen” stadionunda anamızı, arvadımızı söyürdülər”.

Qapıçının bu sözlərinə “Qalatasaray”ın ulduz futbolçusu, insidentin əsas səbəbkarlarından biri Arda Turan dərhal reaksiya göstərib: “Onlara qorxduğumuz üçün deyil, hörmət etdiyimiz üçün “qardaş” demişik. İstər “Əli Sami Yen”də, istərsə də Kadıköydə qorxmadan görüşə bilərik”.

Daha sonra Volkanın Ardaya zəng vuraraq, haqq-hesabı çürütmək üçün görüşə çağırdığı bildirilir. “Qalatasaray”ın futbolçusu onun çağırışını qəbul edib və “hara istəyirsənsə, gələ bilərəm” deyib.

Yeri gəlmişkən, “Lig TV” kameraları Volkanın azarkeşlərə göstərdiyi qeyri-etik jesti nümayiş etdirib. Qalmaqalın qızışdığı vaxt “Fənərbaxça”nın qapıçısı “Qalatasaray” fanatlarının oturduqları tribunaya doğru gedərək, əlini qasıq nahiyəsinə tərəf aparıb və eynilə bir neçə il öncə “Beşiktaş”ın sabiq hücumçusu Paskal Numanın idmançıya yaraşmayan hərəkətini təkrarlayıb. Bu jestinə görə Volkanın futboldan 7 ay uzaqlaşdırılacağı istisna deyil.

Qeyd edək ki, derbidəki qalmaqal üzündən “Qalatasaray”lılar Arda Turan və Əmrə Aşık, “Fənərbaxça”dan isə Semih Şəntürk və Luqano qırmızı alıb.
0