“Qalatasaray”ın davakar futbolçusu xalqdan üzr istədi
14.04.2009 - 16:47
“Qalatasaray”ın davakar futbolçusu xalqdan üzr istədi
Türkiyə milli komandasının və “Qalatasaray”ın yarımmüdafiəçisi Arda Turan “Fənərbaxça” ilə oyundakı hərəkətlərinə görə peşman olub. Apasport.az saytının məlumatına görə, iki gün öncə “Fənərbaxça” ilə derbi matçının sonlarında baş verən qalmaqalın əsas iştirakçısına çevrilmiş 22 yaşlı futbolçu təəssüfünü gizlətməyib. O, xüsusilə yığmadakı komanda yoldaşı, “Fənərbaxça”nın hücumçusu Semih Şəntürklə dava etdiyi üçün məyus olub.

“Hər zaman qardaş kimi yaxın bildiyim, sevdiyim və ailəsi ilə görüşdüyüm Semih Şentürk ilə istəmədən və düşünmədən üzləşdiyimiz bu durum arzuolunmaz görüntülərə səbəb oldu. Semihlə mənə yaraşmayan bu hadisənin iştirakçısı qismində adımızın qeyd olunması bizim kimi bir-birinə sevgi və hörməti olan oyunçulara ən ağır cəzadır” – deyə Arda “Qalatasaray”ın rəsmi İnternet saytına bildirib.

İstedadlı yarımmüdafiəçi hərəkətlərinə görə üzr istəyib: “Meydançada baş verən xoşagəlməz halların elə meydançada da qalmasının vacibliyini bilirəm. Bütün türk xalqından, o cümlədən idman ictimaiyyətindən üzr istəyirəm. Bundan başqa, Semih Şəntürklə indiyə qədərki dostluğumuzun tükənməyəcəyinə və sonadək davam edəcəyinə inanıram”.

Qeyd edək ki, bir gün öncə Semih Şəntürk də xalqdan üzr istəyib.
0