Rəşad Sadıqovun komandası etiraz aksiyasına hazırlaşır
14.04.2009 - 17:23
Rəşad Sadıqovun komandası etiraz aksiyasına hazırlaşır
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun formasını geyindikləri Türkiyənin “Kocaelispor” klubunun prezidenti Sərhan Gürkan qəzəblənib. Apasport.az saytının məlumatına görə, prezident komandasının “Ankaragücü” və “Beşiktaş”la görüşlərdə məğlub olmasında hakimləri günahlandırır.

Baş verən hadisələrə göz yummaq niyyətində olmayan Gürkan bildirib ki, hakimlər onları Superliqada qalmaq uğrunda mübarizədə vacib 6 xaldan məhrum ediblər: “Nə qədər yaxşı niyyətli olursunuz-olun, baş verənlərin məntiqi açıqlaması yoxdur. Haqqımızı hüquqi yollarla qoruyacağıq. Vəkilimizlə danışdıq. Həm Türkiyə Futbol Federasiyanın Mərkəzi Hakimlər Komitəsindən, həm də haqsızlıqla üzləşdiyimiz oyunlarımızı idarə etmiş hakimlər Yunis Yıldırım və Bülənt Yıldırımla bağlı şikayət edəcəyik”.

Gürkan Türkiyə Futbol Federasiyasının prezidenti Mahmut Özgənərlə görüşəcək: “Beşiktaş”la oyundan sonra Özgənərlə əlaqə saxlayarkən, o, “haqlısınız” dedi. Ancaq yalnız bunu deməklə, iş bitmir. Yekunda 6 xalımız getdi. Dünən federasiya prezidenti mənə zəng vurub görüşmək istədiyini bildirdi. Oturub, danışacağıq. Bunu hər kəs bilsin ki, onun söyləyəcəklərindən razı qalmasam, etiraz aksiyası keçirə bilərik. Görüşdən narazı qalacağım təqdirdə, bunu etməyimiz mümkündür. Haqsızlığa qarşı susmaq mənim təbiətimə uyğun deyil. “Kocaelispor”un haqqını qoruyacağıq”.

Qeyd edək ki, “Kocaelispor” “Beşiktaş”a 1:3 hesabı ilə uduzduğu oyunda ilk qolu penalti zərbəsindən sonra buraxıb. Həmin epizodda hakim Rəşadın əllə oynadığını əsas gətirərək, “Kocaelispor”un qapısına 11 metrlik cərimə zərbəsi təyin etmişdi.
0