Kamran Ağayev: Mən artıq futbolla qurtarmışam!
15.04.2009 - 11:09
Kamran Ağayev: Mən artıq futbolla qurtarmışam!
“Zədəmlə bağlı hansısa müalicə getmir. Onurğa sütunumdan cərrahiyyə əməliyyatı olunmalıyam. Ancaq bu əməliyyatın harada olacağını bilmirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının əsas qapıçısı Kamran Ağayev deyib.

Artıq üç ildir “Xəzər-Lənkəran” klubunun formasını geyinən 23 yaşlı qolkiper Premyer Liqamızın ikinci dövrəsində ciddi zədə problemi ilə üzləşib. Bu səbəbdən milli komandaya Rusiya yığması ilə səfər oyununda (0:2) da kömək edə bilməyən Ağayev Azərbaycan xalqından üzr istəmişdi. İki aydır oynamayan futbolçunun sözlərinə görə, belindəki ağrılar qurtarmır: “Artıq futbolla qurtarmışam! Bu haqda ətraflı danışmaq istəmirəm. Söhbət heç də zədədən getmir. Zədə hamıda olur. Bu gün cərrahiyyə əməliyyatı olunub, sabah yenidən oynaya bilərsən. Sadəcə, məni belə addım atmağa sövq edən başqa səbəblər var. Müəyyən insanlar var ki, onlar belə etməmək üçün yolumu kəsirlər. Yoxsa çoxdan getmişdim. Problemin nə olduğunu mən yox, müvafiq adamlar deyə bilər. Başqa heç nə demək istəmirəm. Geniş müsahibə vermək fikrim yoxdur. Sizdən üzr istəyirəm. Xahiş edirəm, məni dindirməyin”.
0