Qapıçımız Ukrayna çempionundan dəvət alıb
15.04.2009 - 13:03
Qapıçımız Ukrayna çempionundan dəvət alıb
“Xəzər-Lənkəran” klubunun və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin atası Adil Ağayevin apasport.az saytına eksklüziv müsahibəsi

- Oğlunuzun zədəsinin müalicəsi nə yerdədir?
- Kamranı xaricə əməliyyata göndərməlidirlər. Milli komandanın baş məşqçisi Berti Foqts onu diqqət mərkəzində saxlayır. Deyib ki, mənə lazımdır və müalicəsi sürətlənməlidir. Bunun üçün AFFA-nın xətti ilə xaricə yollanmalıdır. Belindəki zədəsi əməliyyat yolu ilə sağala bilər. Əməliyyat zamanı onurğa sütunundakı disk çıxarılacaq və bir neçə ay bərpa prosesi olacaq. Artıq bundan sonra oğlum məşqlərə başlaya bilər.

- Ancaq Kamran artıq futbolla qurtardığını deyir...
- Düzdür, elə bir fikri var. Əslində, oğlum “Xəzər-Lənkəran”dan çıxmaq istəyir. Oğluma xarici klublardan təkliflər var.

- Onun “Xəzər-Lənkəran”la müqaviləsi nə vaxt başa çatır?
- Cari mövsümün sonunda. İki aydan sonra sərbəst futbolçu olacaq. Kamranın anlaşmasının bitməsinə hələ vaxt olsa da, “Xəzər-Lənkəran” indidən onunla müqavilənin müddətini uzatmaq istəyir. Bu təklifi artıq oğluma ediblər. Kamranın klub prezidenti Mais Mənsimovla görüşü olub. Ona deyilib ki, yeni müqavilə imzala, sonra səni müalicəyə yollayaq. Kamran da bunu istəmədi. Mənsimovun mənimlə də görüşü olub. Oğlumu fikrindən döndərmək istəyirdim. Ancaq vəziyyətin nə yerdə olduğunu biləndə, mən də bu yanaşmanın düzgün olmadığını gördüm. Axı necə ola bilər ki, futbolçuya zədəni müalicə etdirmək üçün belə şərt irəli sürülsün? Əgər futbolçu sağlam olsa, bilərəkdən oynamasa, bu, başqa məsələ. Axı Kamranın ciddi zədəsi var, müalicəyə, əməliyyata ehtiyacı var.

- “Xəzər-Lənkəran”la yeni müqavilənin maddi tərəfi nə qədərdir?
- Deyiblər ki, yeni müqavilə ilə 200 min dollar verərlər. Ancaq Kamran bunu qəbul etməyib. Oğlumun istəyi onlar üçün böyük görünüb. Özü də Kamranın müqavilə ilə alacağı var, hələ verməyiblər.

- Bu məbləğ nə qədərdir?
- Təxminən 35 min dollar. Deyiblər ki, verəcəyik. Verməsələr də, canları sağ olsun. Oğlum xaricdə oynamaq istəyir.

- Doğrudanmı, onun 23 yaşında karyerasını bitirmək fikri ciddidir?
- Kamranın həqiqətən də belə fikri var. Haqsızlığa dözə bilmir, onu buna məcbur edirlər. Deyirlər ki, müqaviləyə qol çək, sonra müalicəyə yollayaq.

- Hər halda, cəmi 23 yaşı var və əməliyyatla sağala bilər. Kamranın futbolçu karyerasına hələ çox var, ilk növbədə milli komandaya lazımdır. Bəs siz bir ata kimi onu fikrindən daşındırmırsınız?
- Mənim üçün ən vacib oğlumun sağlamlığıdır. Bunu hər şeydən üstün tuturam. Zədəsi ona oynamağa imkan vermir. Şükür Allaha, dolanışığımız yaxşıdır. Maddi baxımdan elə də ciddi problemimiz yoxdur. Kamran da bir işlə məşğul olar. İndi Foqtsun gəlişini gözləyirik. Aprelin 19-da Bakıya gəlməlidir.

- Bəlkə problem Dmitri Kramarenkonun daha çox qapıda yer alması ilə bağlıdır? “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov ona daha çox şans verir. Kramarenko artıq komandanın yeni kapitanıdır...
- Bu baxımdan heç bir problem yoxdur. Ponomaryovla Vaqif Sadıqovun 50 illik yubileyində görüşdüm. Oğlumun xətrini çox istəyir. Deyir ki, Kamrana inanıram və o, mənə lazımdır. Kamranı “Xəzər-Lənkəran”dan buraxmaq fikir yoxdur. Ponomaryov təmiz adamdır. Bilirsiniz, oğlum heç vaxt bilərəkdən pis oynamaz, qol buraxmaz. Çünki Tovuzda “Turan”ın çətin vaxtında oynayıb, bir qapıçı kimi orada öz sözünü deyib. Bir şeyi deyim ki, Lənkəran camaatı Kamranın xətrini çox istəyir.

- Ola bilərmi ki, oğlunuz milli komandada inamlı oyunundan, Foqts onun haqqında yüksək fikir söylədikdən sonra bir növ “ulduz xəstəliyi”nə tutulub?
- Yox. Sadəcə, anasının ölümü ona pis təsir etdi. Həmin vaxt stress keçirdi. İndi də ona münasibətdən sonra daha futbol oynamaq istəmir.

- Kamranın Almaniyanın “Köln” klubuna keçmək şansı nə dərəcədə real idi?
– Bilirsiniz, Foqts istəyir ki, oğlum Almaniyada oynasın. Onu “Köln”, yaxud “Bavariya”ya aparmaq istəyir. Ən real təklif isə Kiyevin “Dinamo” klubundandır. Onlar oğlumla ciddi maraqlanırlar. Hətta nümayəndələri Bakıya gəlib, məlumat toplayıb.

- Ukraynalılar Kamranın oyununu harada görüblər?
- “Xəzər-Lənkəran”ın ötən ilin yanvarında “Birlik kuboku” turnirində oyunları zaman. Həmin vaxt oğlumu diqqət mərkəzində saxladılar. Milli komandamızın Uels yığması ilə səfər oyununu da izləyiblər və çox bəyəniblər. Hətta onların nümayəndəsi ilə müqavilənin şərtləri barədə konkret danışıq da olub. Kamranın “Dinamo”ya transferi 700 min avro məbləğində qiymətləndirilib. Deyiblər ki, 500 min avro verib, üstəlik müalicə də edərik.

- İndi məsələ nə yerdədir?
- Məsələ artıq danışılmışdı. Kamran bu gün-sabah getməli idi. Ancaq vəziyyət belə gətirdi ki, daha gedəsi olmadı.
0