Milli komandamızın sabiq futbolçusu borc içindədir
18.04.2009 - 14:24
Milli komandamızın sabiq futbolçusu borc içindədir
“Karvan” rəhbərliyi bizi komandadan çıxardığı üçün istənilən səbəb göstərə bilər. Ancaq əslində hər şeyin kökündə pul durur. “Karvan”da maliyyə problemi var və çoxdan, hələ ötən ilin dekabrından maaş almırdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubundan kənarlaşdırılan Ruslan Qafitullin deyib.

30 yaşlı müdafiəçi bildirib ki, klub rəsmiləri onlara yaxşı münasibət göstərməyib: “Pulumuzu vermədilər, bizə uzun müddət borclu oldular, sonda da günahkar biz çıxdıq. Əlbəttə, bu, ədalətsiz qərardır. Futbolçuya pulunu verəndən sonra o, sevimli işini niyə görməsin ki!? Hansı futbolçu pulunu vaxtı-vaxtında alandan sonra oynamaz? Çox acınacaqlı vəziyyətə düşdük və mövsümü başa vurmağı düşünürdük. Ancaq bizi sona 5 tur qalmış komandadan kənarlaşdırdılar. Özü də mənimlə Vitali Kovalyovu cari mövsümün gedişində artıq ikinci dəfə haqsız yerə çıxarırlar”.

Ruslan Qafitullinlə yanaşı, “Karvan”dan qovulan qapıçı Vitali Kovalyov və kapitan Kamal Quliyev də son turda səfərdə “Turan”a böyük hesablı məğlubiyyətin (0:4) əsas günahkarları sayılıblar. Amma Qafitullin adlarına ləkə gətirilməsinə qarşı çıxır: “Qərarlarını “Turan”la görüşdə zəif çıxış etməyimizlə əsaslandırırlar. Bunu qəbul edirəm. Bəli, həmin matçda zəif oynamağımızla razıyam. Ancaq bunun səbəbin nə olduğunu deyən yoxdur. Axı biz futbolçular tək deyilik. Bizim ailəmiz var. Maddi amillərlə bağlı olan məsələlər var. Sənin pulunu verməsələr, bunu necə ödəyə bilərsən? Axı insanı həmişə aldatmaq olmaz. Biz də neçə vaxtdır dözürdük, sonda da belə aqibətlə üzləşdik. Belə vəziyyətdə səni zəif oyunda günahlandırmaq, yaxud adını futboldan kənar şeylərdə hallandırmaq doğru deyil”.

Qafitullin pul almadıqları dövrdə dolanışığının ağır olduğunu, hətta borc aldığını gizlətməyib: “Komanda yoldaşlarımı deyə bilmərəm, amma borcum var. Maaşını ala bilməyəndə, borc götürməyə məcbur olursan. Səhvi də həmişə bizdə axtarırlar, günahı yalnız bizdə görürlər. “Karvan”la müqaviləmin başa çatmasını gözləyirəm. Onsuz da indi “transfer pəncərəsi” bağlı olduğundan, başqa kluba keçə bilmərəm. Formamı itirməmək üçün cari mövsümün sonunadək hansısa bir klubda məşq edəcəyəm. Mövsümlərarası fasilədə isə özümə yeni komanda tapacağam”.

Qeyd edək ki, Ruslan Qafitullin də Kamal Quliyev kimi vaxtilə milli komandamızda oynayıb.
0