Almaniya yığması Azərbaycanla oyuna Ballaksız hazırlaşacaq
20.04.2009 - 10:06
Almaniya yığması Azərbaycanla oyuna Ballaksız hazırlaşacaq
Almaniya yığması 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyunun hazırlıq prosesində kapitan Mihael Ballakın xidmətindən yararlana bilməyəcək. Apasport.az saytının məlumatına görə, Londonun “Çelsi” klubunda çıxış edən 33 yaşlı yarımmüdafiəçi milli komandasının mayın 29-dan iyunun 2-dək Asiya turnirində iştirak etməyəcək. Buna səbəb “Çelsi”nin İngiltərə kubokunun finalına çıxmasıdır ki, həmin həlledici görüş mayın 30-da keçiriləcək. Almaniya mayın 29-da Şanxayda Çin, iyunun 2-də Dubayda Birləşmiş Ərəb Əmirlikləri yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Milli komandamızın yer aldığı 4-cü qrupda növbəti oyunlar iyunun 6-da və 10-da keçirilsə də, Almaniya həmin vaxt istirahət edəcək. Yoahim Lövün çalışdırdığı Bundestim növbəti görüşlərini məhz yığmamızla keçirəcək. Bu matçlar avqustun 12-də Bakıda və sentyabrın 15-də Hannoverdə baş tutacaq.
0