“Karvan”ın 155 günü
20.04.2009 - 11:47
“Karvan”ın 155 günü
“Karvan” bu il ilk rəsmi qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, ağır günlərini yaşayan Yevlax təmsilçisi ikinci dövrədə axır ki meydanı 3 xalla tərk edib. Bu, Azərbaycan Premyer Liqasının son turunda “Muğan”la Yevlaxda 3:1 hesabı ilə nəticələnən görüşdə reallaşıb.

İkinci dövrəyə “Xəzər-Lənkəran”la səfərdə qolsuz heç-heçə ilə başlayan “Karvan” bundan sonra nəinki qələbə, ümumiyyətlə, xal üzünə həsrət qalmışdı. Yunis Hüseynovun komandası “Muğan”la görüşədək, son 7 oyunda məğlubiyyətləri sıralayırdı. Maraqlısı odur ki, yevlaxlılar son turadək keçirdiyi 8 görüşdə cəmi iki qol vurmuşdu. Bu dəfə isə bir oyunda üç qol vuran “Karvan” həm məhsuldarlığını yaxşılaşdırdı, həm də qələbə həsrətinə son qoydu.

Qeyd edək ki, Yevlax təmsilçisi bu qələbəni düz 155 gün gözləməli oldu. “Karvan” sonuncu dəfə XI turda “Neftçi” ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə (1:0) qalib gəlmişdi. İlk dövrədəki oyunları da nəzərə alsaq, Hüseynovun komandası Premyer Liqada 9-cu qələbəsini on görüşdən sonra əldə etdi.
0