Axtyamov: Yığmadan dəvət gözləmirdim
20.04.2009 - 15:53
Axtyamov: Yığmadan dəvət gözləmirdim
Dörd illik fasilədən sonra Azərbaycan milli komandasına çağırılan “Minsk” klubunun 24 yaşlı hücumçusu Daniel Axtyamovun apasport.az saytına müsahibəsi

- Milli komandaya qayıdışınızla bağlı fikirlərinizi bilmək istərdik...
- Azərbaycan yığmasına çağırıldığıma görə sözün əsl mənasında çox şadam. Sevinirəm ki, yenidən milli komandanın heyətindəyəm və mənə dəvət göndərdilər.

- Bəs bu dəvəti gözləyirdinizmi?
- Düzünü desəm, yox. Elə alındı ki, birdən-birə, dəvətdən öncə məni bu haqda məlumatlandırdılar. Bundan xəbər tutunca, çox məmnun oldum.

- Yığmaya çağırılmağınızla bağlı sizi kim məlumatlandırdı?
- AFFA-dan zəng etmişdilər. Milli komandanın inzibatçısı mənimlə əlaqə yaratdı. Dedi ki, səni yığmanın hazırkı təlim-məşq toplanışına çağırırlar.

- Çoxdandır milliyə çağırılmırsınız. Xatırlayırsınızsa, sonuncu dəfə 2005-ci ilin martın 31-də İngiltərə ilə Nyukaslda keçirilən rəsmi oyunda iştirak etmisiniz...
- Elədir, həmin oyun yadımdadır. Həmin görüşdə 0:2 hesabı ilə uduzmuşduq. Dörd il həqiqətən də böyük müddətdir.

- Sizcə, bu müddətdə Azərbaycan yığması çoxmu dəyişib?
- Hələlik bu haqda heç nə deyə bilmərəm. Çünki cəmi bir məşqlə qəti fikir yürütmək çətindir.

- Arxada qalan dörd ildə millidən dəvət gözləyirdinizmi?
- Bəli. Hər halda, öz oyunumla buna çalışırdım. Moskvanın “Torpedo” klubunda oynayanda fikirləşirdim ki, məni çağırarlar. Ancaq bu, baş vermirdi.

- Şahin Diniyevin rəhbərliyi altında “Gəncə” klubunda çıxışınız yaxşı alındı. Ancaq Diniyev də sizi milliyə dəvət etmirdi.
- Doğrudur. Bunun səbəbini dəqiq deyə bilmərəm. Ola bilsin ki, Diniyevin bu məsələyə öz baxışı vardı. Yəqin ki, məni yığmaya lazım saymırdı.

- Yəqin ki, bu dörd ildə yığmamızın oyunlarını izləyə bilmisiniz. Azərbaycan milli komandası kənardan necə görünür?
- İndi görürəm ki, hər şey ciddi olmağa başlayıb. Yəni, vəziyyət əvvəlki kimi deyil. İşə yanaşma ciddiləşib, tələbkarlıq artıb. Eyni zamanda, yaxşı kollektiv yığılıb.

- Milli komandamızda Karlos Alberto Torresin rəhbərliyi altında debüt etmisiniz. Məgər braziliyalı mütəxəssisin dövründə belə ciddilik, tələbkarlıq yox idi?
- Var idi. Sadəcə, indi bu planda vəziyyət xeyli yaxşılaşıb.

- Yığmamızın baş məşqçisi Berti Foqts şəxsən sizinlə söhbətləşibmi? Yəqin ki, sizi alman mütəxəssisə kimsə tövsiyə edib?
- Bunu dəqiq bilmirəm. Ola bilsin ki, kimsə məni Foqtsa tövsiyə edib. Onunla söhbətimiz oldu. Foqts yalnız işlərimlə maraqlandı, başqa bir şey soruşmadı.

- Hazırkı idman formanızı necə qiymətləndirərdiniz? Bir hücumçu kimi qol vurmaq problemi olan milli komandamıza kömək edə bilərsinizmi?
- Elə mən də bunun üçün çalışacağam. Hazırda heç də pis formada deyiləm. Allah eləsin ki, gələcəkdə yalnız təlim-məşq toplanışına yox, rəsmi oyunlara çağırılım. Buna ümidim böyükdür.

- Belarusun yüksək liqasında çıxış edən “Minsk” klubuna keçidin necə baş verdi?
- Agentim bu variantı təklif etdi. Baxışa yollandım və məni bəyənərək, komandaya götürdülər.

- Belarus çempionatının səviyyəsi necədir?
- Prinsipcə, yaxşıdır.

- Səviyyəcə Azərbaycan Premyer Liqasından yüksəkdir?
- Bunu müqayisə edə bilmərəm. Hər halda, Azərbaycandan aşağı deyil.

- Bir ara Qazaxıstanda da baxışda oldunuz. “İrtış” klubuna keçidiniz niyə baş tutmadı?
- Bunun səbəbi həmin ölkədə legionerlərə limitin qoyulmasıdır.

- Ötən qış Bakı “İnter”ini tərk edərək, Rusiyanın aşağı divizionuna yollandığına görə peşman deyilsiniz ki? Hər halda, “Torpedo”da möhkəmlənə bilmədiniz, sonradan Rusiya çempionatın ikinci divizionunda çıxış edən “Şeksna” klubuna icarəyə verildiniz...
- Deməzdim ki, ötən il mənim üçün lap uğursuz oldu. Xüsusilə, ilin ilk yarısında işlərim normal gedirdi. Həmin vaxt “Torpedo”da oynamaqla, nəyisə itirdiyimi deyə bilmərəm. İlin ikinci yarısında isə icarəyə getdim. “Şeksna” səviyyəsinə görə bir az aşağı idi. Yəni, səviyyəsi bundan yüksək olan klubda yer almaq olardı. Ancaq bunda qorxulu heç nə yoxdur. Həyatda hər şey yaxşılığa doğru olur.

- Rusiya – Azərbaycan oyununu izləmisinizmi?
- İzləmək istəsəm də, alınmadı. Çünki həmin vaxt Rusiyada yox, Belarusda idim.

- Heç olmasa, sonradan oyunun fraqmentlərini izlədinizmi?
- Bəli. Roman Pavlyuçenkonun cərimə zərbəsindən sonra vurduğu qolu görmüşəm.

- Siz əslən rusiyalısız və milliləşdirilərək, yığmamıza cəlb olunmusunuz. Yəqin ki, həmyerlilərinizlə qarşı oynamaq istərdiniz...
- Əlbəttə. Həmişə Rusiyaya qarşı oynamaq istəmişəm. Əslən bu ölkədən olsam da, gənclik illərim Azərbaycanda keçib. Məni daha çox bura, Bakı çəkir. Gəldim, nostalji hisslərim oyandı. Çoxdandır olmadığım Bakı üçün darıxmışdım.

- Azərbaycana qayıtmaq istərdinizmi?
- Hələ bu haqda bir şey deyə bilmərəm. “Minsk”də özümə yer tapmışam, elə orada da hər şey yaxşıdır. Ancaq bu, taleyin işidir. Qismətini bilmək olmaz.

- Hər halda, Azərbaycanda maddi vəziyyət baxımdan Belarusdan yaxşı olar...
- Bununla razıyam. Futbolçu üçün həm maddi durum, həm də yaxşı oynamaq böyük önəm kəsb edir.

- Maraqlıdır, Belarusda Azərbaycan futbolu haqda hansı fikirdədirlər?
- Oradakı qəzetlərdə Azərbaycan futbolu haqda xüsusi olaraq nəsə yazmırlar. Hər halda, bunu dəqiq deyə bilərəm ki, buradakı futbol haqda pis fikirdə deyillər. “İnter”də bir yerdə çıxış etdiyim belaruslu futbolçular, Makovski qardaşları ilə orada görüşməsəm də, telefonla danışırıq. Vladimir da hazırda Belarusun yüksək liqasında oynayır.
0