Foqtsun qərarı Vladimir Levini təəccübləndirib
20.04.2009 - 17:03
Foqtsun qərarı Vladimir Levini təəccübləndirib
“Müəyyən fasilədən sonra yenidən yığmanın sıralarında olmağıma şadam. Onu deyə bilərəm ki, indiki vəziyyətdə milli komandaya çağırılmağım məni təəccübləndirdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında 8 aylıq fasilədən sonra Azərbaycan yığmasına dəvət olunan Vladimir Levin deyib.

Artıq beşinci ildir ölkəmizdə çıxış edən 25 yaşlı müdafiəçi bu müddətdə Bakının “İnter” klubunda oynayıb. Əslən Ukraynanın Odessa şəhərindən olan Levin milliləşdirilərək, öncə 21 yaşlılardan ibarət yığmamıza (U-21) cəlb olunub. U-21-dən fərqli, əsas yığmada rəsmi oyun keçirməyən Vladimir yalnız ötən ilin avqustunda İran yığması ilə səfərdə keçirilən yoldaşlıq görüşündə (0:1) 90 dəqiqə iştirak edib. Bundan sonra aldığı ağır zədə nəticəsində klubunda da oynamayan müdafiəçi millidən dəvət gözləmirmiş: “Aldığım zədənin yığma ilə bağlılığı yoxdur. Bunu millidən sonra məşqdə almışdım. Artıq ikinci dəfədir menisk zədəsi ilə bağlı problemim yaranıb və cərrahiyə əməliyyatına məruz qalıram. Xaçvarı bağların qırılması nəticəsində aldığım zədə ciddidir və bunun əziyyətini çəkməli oldum. İndi özümü yaxşı hiss etsəm də, hələ tam bərpa olunmamışam. Formamı bərpa etmək üçün vaxt lazımdır”.

Vladimirin sözlərinə görə, qrup halında çalışmalarda iştirak etsə, bəzi hərəkətlər zamanı ehtiyatı əldən verməməlidir. Yəni, əsasən tullanma hərəkəti zamanı sonradan bunun əziyyətini çəkməmək üçün diqqət olmaq lazımdır: “İndiki məqamda ehtiyatsızlıq arzu olunmazdır. Elə Foqts da məşqdə durumumla maraqlanır. Yığmanın hazırlıq prosesindən maksimum yararlanmağa çalışacağam. Həm milliyə mütəmadi çağırılmağım, həm də klubumda mövqeyimi qaytarmaq üçün çox çalışmalıyam. “İnter”də əsas heyətdə yerimi qaytarmaq heç də asan olmayacaq. Komandada “oturulmuş heyət” var. Bu, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində və ikinci dövrədə yaranıb ki, mən də zədə üzündən təlim-məşq toplanışlarını buraxmalı oldum. “İnter”də futbolçuların sayı olduğu üçün əsas heyətə düşmək uğrunda böyük rəqabət mövcuddur”.
0