Zaur Tağızadə yığmadan imtina etdi
20.04.2009 - 17:21
Zaur Tağızadə yığmadan imtina etdi
Bakının “Neftçi” klubunun kapitanı Zaur Tağızadə Azərbaycan yığmasında çıxışını başa vurub. Bu haqda apasport.az saytına futbolçunun özü məlumat verib.

30 yaşlı yarımmüdafiəçi bununla bağlı AFFA-ya rəsmi müraciət etdiyini bildirib: “Bir də yığmada oynamayacağam. Milli karyeramı başa vurmağa qərar vermişəm. Bununla əlaqədar AFFA-ya rəsmi məktub göndərmişəm. Son vaxtlar aldığım zədələr həm yığma, həm də klubda oynamağıma əngəl olur. Buna görə də yığmada çıxışımı başa vurmağı daha məqsədəuyğun saydım. Qərarım yalnız zədə ilə bağlıdır. Başqa problem, yaxud inciklik yoxdur”.

Qeyd edək ki, Tağızadə millidə 40 oyun keçirib və 6 qol vurub. Milli komandamızın alman baş məşqçisi Berti Foqts onu yığmanın 4 günlük təlim-məşq toplanışına çağırmışdı.
0