AFFA-dan futbol bayramı: 5 aya inanılmaz 4 rəqib
20.04.2009 - 23:09
AFFA-dan futbol bayramı: 5 aya inanılmaz 4 rəqib
Futbol üzrə Azərbaycan milli komandası son illərədək beynəlxalq yoldaşlıq görüşlərində rəqib tapmaq baxımından əsl çətinlik yaşayırdı. Adətən FİFA-nın yoldaşlıq matçları üçün ayırdığı “pəncərə”ni elə “bağlı” saxlayırdıq. “Pəncərə”ni “açanda” isə elə rəqiblərlə oynayırdıq ki, oynamamaq, bundan yaxşı idi.

Moldova, Özbəkistan, Gürcüstan, Qazaxıstan... Bu komandalar bizim ən yaxşı tərəf-müqabillərimiz sayılırdılar. Son vaxtlar qarşılaşdığımız ən güclü rəqiblər Türkiyə və Bolqarıstan olub. Düzdür, Ukrayna, 2004-cü ildə tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanmış Latviya ilə də görüşmüşük. Ancaq qalan günləri demək olar, boşa vermişik.

İndi isə bu istiqamətdə müsbətə doğru dəyişikliklər var. Bundan ötrü yığmamızın 5 ay ərzində - bu ilin martından avqustunadək - rəqiblərinə nəzər yetirmək kifayətdir. Milli komandamız göstərilən müddətdə 2008-ci il Avropa çempionatının bütün mükafatçıları ilə üz-üzə gələcək. Artıq qitə birinciliyinin bürünc medalçısı Rusiya ilə matç arxada qalıb. Növbədə daha bir bürünc mükafatçı Türkiyə, daha sonra Avropa çempionu İspaniya və nəhayət, qitənin vitse-çempionu Almaniyadır. Yəqin ki, futbol tarixində hansısa yığmanın 5 aya Avropanın ən güclü 4 komandası ilə qüvvəsini sınaması faktına rast gəlmək qeyri-mümkündür. Belə bir tarixi biz yazacağıq.

Əslində, Rusiya və Almaniya ilə oynayacağımız hələ 2007-ci ilin dekabrında keçirilən dünya çempionatının seçmə mərhələsinin püşkatması zamanı bilinirdi. Sonradan adıçəkilən komandaların Avropa çempionatında mükafat qazanmaları, üstəlik AFFA rəhbərliyinin Türkiyə və İspaniya tərəfindən yoldaşlıq görüşlərində qarşılaşmaq üçün razılıq alması futbol tariximizə yeni səhifənin yazılmasına əsas verir.

AFFA-nın baş katibi Elxan Məmmədov bu müsbət dəyişikliyi 2 amillə əsaslandırıb: “Birincisi, AFFA-nın beynəlxalq əlaqələri çox inkişaf edib. Bundan başqa, milli komandamızın oyununda da irəliləyiş var. İndi artıq rəqiblərimiz anlayırlar ki, hər şey FİFA-nın reytinqi ilə ölçülmür”.

Baş katib bildirib ki, yoldaşlıq görüşləri olmasına baxmayaraq, həm Türkiyə, həm də İspaniya Azərbaycana qarşı əsas heyətlə oynayacaq: “Hətta bununla bağlı İspaniya Futbol Federasiyası rəhbərliyinin razılığını almışıq. Biz özümüz də ispanların Bakıya əsas heyətlə gəlməsini istəyirik. Belə olarsa, yığmamız güclü rəqiblə qarşılaşar, azarkeşlər isə əsl futbol bayramı yaşayarlar”.

28 mart, DÇ-nin seçmə mərhələ oyunu
Rusiya - Azərbaycan (2:0)
Moskva. “Lujniki” stadionu.

2 iyun, beynəlxalq yoldaşlıq görüşü
Türkiyə - Azərbaycan
Kayseri. “Kadir Has” stadionu.

9 iyun, beynəlxalq yoldaşlıq görüşü
Azərbaycan - İspaniya
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

12 avqust, DÇ-nin seçmə mərhələ oyunu
Azərbaycan - Almaniya
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
0