Əhməd Dursun Oktay Dərəlioğlunun yolu ilə gedə biləcəkmi?
20.04.2009 - 18:09
Əhməd Dursun Oktay Dərəlioğlunun yolu ilə gedə biləcəkmi?
Azərbaycan Premyer Liqasında XXII tur bombardirlər yarışında lider dəyişikliyinə səbəb olub. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubunun uruqvaylı hücumçusu Valter Quqlemon “Neftçi” ilə “Şəfa” stadionunda keçirilən görüşdə etdiyi dublla həm komandasını məğlubiyyətdən xilas edib, həm də ilk dəfədir bombardirlər siyahısına başçılıq edib. Artıq iki ildir ölkəmizdə oynayan Quqlemon son iki turda əvvəl het-trikə, sonra dubla imza atıb.

İkinci dövrədə artıq 7 oyun vuran Valter öz göstəricisini sona 4 tur qalmış təkrarlayıb. Belə ki, ilk dövrədə Premyer Liqada elə bu sayda qol vuran 31 yaşlı hücumçu mövsümün bombardiri olmağa əsas namizəddir. Valter uzun müddətdir bombardirlər yarışına başçılıq edən “Xəzər-Lənkəran”ın bolqar hücumçusu İvan Svetkovun susqunluğundan istifadə edərək, indi onu 1 top qabaqlayır. İndi bu iki əcnəbi hücumçu növbəti turda “Şəfa” stadionunda keçiriləcək görüşdə üz-üzə gələcəklər. Ötən mövsümü də nəzərə alsaq (11 qol), Quqlemonun hesabında artıq 25 qol var.

Valter kimi, “Turan”ın nigeriyalı hücumçusu Viktor İbekoyi də son iki turda het-trik və dubl edib. İkinci dövrədən Tovuza qayıdan 23 yaşlı futbolçu axır iki oyunda vurduğu 5 qolla komandanın Premyer Liqada qalmaq vəzifənin böyük ölçüdə yerinə yetirilməsində əsas səbəbkar olub. İbekoyinin keçirdiyi 7 oyunda 6 qol vurduğunu nəzərə alsaq, məhsuldarlığı diqqət çəkir. “Simurq”un ukraynalı hücumçusu Vladimir Mazyar isə uruqvaylı və nigeriyalı həmkarlarını bir məqamda qabaqlayır. Belə ki, artıq üç oyundur qol seriyasını davam etdirən Mazyar da 5 top vurub.

Son turda dubl edən futbolçular arasında əsas isimlərdən biri Əhməd Dursundur. “Xəzər-Lənkəran”ın türkiyəli hücumçusu artıq iki turdur meydanı qolsuz tərk etmir. “Neftçi”yə qol vuran Əhməd “Bakı” ilə görüşdə etdiyi dubla böyük hesablı qələbədə (3:0) əsas pay sahibi oldu. Ümumilikdə, “Xəzər-Lənkəran”da 4 qol vuran Dursun həmyerlisi, vaxtilə “Beşiktaş”da çiyin-çiyinə oynadığı Oktay Dərəlioğlunun göstəricisini təkrarlayıb. Belə ki, Əhməd Oktaydan sonra ölkəmizdə oynayan həmyerliləri arasında dubl edən ikinci futbolçudur. İndiyə kimi başqa klublarımızda da türkiyəli futbolçular çıxış etsə də, onlar buna nail olmayıb.

Qeyd edək ki, 2004/05 mövsümündə “Xəzər-Lənkəran”da forma geyən Dərəlioğlu 17 qol vurmuşdu. İki dəfə dubl edən Oktay hələ ki Azərbaycanda het-trik edən yeganə türkiyəli oyunçudur.
0