Azərbaycan yığmasının forması Almaniyada auksiona çıxarılıb
21.04.2009 - 10:28
Azərbaycan yığmasının forması Almaniyada auksiona çıxarılıb
Azərbaycan milli komandasının məşqçisi Uli Ştayn almaniyalı uşaqlar üçün məşğələ keçib. Apasport.az saytının məlumatına görə, yığmamızın qapıçılarla işləyən çalışdırıcısı Şpenqe şəhərində təşkil olunan tədbirin qəhrəmanlarından olub.

Belə ki, Almaniya millisinin sabiq qapıçısı olan Ştaynla digər futbol veteranı Helmut Roleder şəhərin süni örtüklü meydanına toplaşan 6-14 yaşlı uşaqlarla hazırlıq keçib.

Məşq və ad günü üst-üstə düşən Tomas adlı uşaq aldığı hədiyyəyə çox sevinib. O, Berti Foqtsun yığmamızdakı köməkçisindən avtoqraf alıb. Lakin 12 yaşlı Morrisin sevinci daha böyük olub. Çünki Lenzinqauzendə təşkil olunan futbol avadanlıqları auksionunda sevimli komandasının formasını əldə edib. Morris valideynlərinin onun istəyi ilə aldığı Azərbaycan milli komandasının geyiminə ən dəyərli hədiyyə kimi baxır.
0