Türklər Azərbaycanın oynayacağı stadiona erməniləri buraxmaq istəmirlər
21.04.2009 - 12:20
Türklər Azərbaycanın oynayacağı stadiona erməniləri buraxmaq istəmirlər
Kayseri şəhərindəki qeyri-hökumət təşkilatları dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə - Ermənistan matçının bu şəhərdə keçirilməsini istəmir. Apasport.az saytının məlumatına görə, “Türk Eyitim-Sen” (“Türk Təhsil Sindikatı”) adlı həmkarlar təşkilatının yerli şöbəsi bu görüşün Kayseridə oynanılması və Ermənistanla sərhədlərin açılması barədə fikirlərə etiraz əlaməti olaraq, imza kampaniyasına başlayıb.

Kampaniyaya digər QHT-lər də dəstək veriblər. “Türk Eyitim-Sen”in Kayseri şöbəsinin sədri Əli İhsan Öztürk bildirib ki, 15 gün ərzində toplanacaq imzalar Türkiyə Böyük Millət Məclisi və Türkiyə Futbol Federasiyasına (TFF) göndəriləcək.

Türkiyə və Ermənistan yığmaları arasında matçın bu il oktyabrın 14-də Kayseridə yenicə istifadəyə verilmiş “Kadir Has” stadionunda təşkili nəzərdə tutulub. Türkiyə prezidenti Abdulla Gülün dəvəti ilə oyunu Ermənistan prezidenti Serj Sarkisyanın da izləyəcəyi gözlənilir.

Ən maraqlısı isə budur ki, “Kadir Has”dakı ilk beynəlxalq oyun məhz Azərbaycan milli komandasının iştirakı ilə keçiriləcək. Belə ki, yığmamız iyunun 2-də burada Türkiyə ilə beynəlxalq yoldaşlıq görüşündə qarşılaşacaq. Amma nədənsə, TFF rəhbərliyi stadionunun rəsmi açılışını Azərbaycanla yox, Ermənistanla matçda etmək fikrindədir.

Qeyd edək ki, “Kayserispor” klubunun ev oyunlarını keçirdiyi “Kadir Has” Türkiyənin ən müasir stadionu sayılır. Bu il martın 8-də istismara verilən arena 40 458 tamaşaçı tutumuna malikdir. Stadionun həyətində kafe, restoran, park və avtomobil dayanacağı var. “Kadir Has”ın ən özəl cəhətlərindən biri də temperaturla bağlıdır. Bayırda hava şəraitinin soyuqluğundan asılı olmayaraq, stadionda temperatur +4 dərəcədən aşağı düşmür.
0