Azərbaycan yığmasının futbolçusu Rusiyadan qovuldu
21.04.2009 - 12:38
Azərbaycan yığmasının futbolçusu Rusiyadan qovuldu
Azərbaycan yığmasının futbolçusu Timur İsrafilov bir neçə gün əvvəl müqavilə bağladığı Rusiyanın “Volqa” klubundan qovulub. Apasport.az saytının məlumatına görə, “Qarabağ”la müqaviləsi olan 21 yaşlı müdafiəçi ilə bir illik anlaşmaya imza atan Tver təmsilçisi yeni transferinin başqa komandaya bağlılığını bilən kimi onu heyətdən kənarlaşdırıb.

Belə ki, “Qarabağ” rəhbərliyi “Volqa”dan olan həmkarları ilə əlaqə saxlayaraq onları məsələdən xəbərdar edib. Rusiyalılar isə öz növbəsində təmsilçimizin ünvanına faks göndərib. Sənəddə Azərbaycanın 17 və 19 yaşlılardan ibarət yığma komandasının şərəfini qorumuş İsrafilovun komandadan kənarlaşdırılmağı əks olunub. Vətəninə göndərilən müdafiəçinin yaxın günlərdə müqavilə ilə bağlı olduğu Ağdam klubunun düşərgəsinə qayıdacağı gözlənilir.

Qeyd edək ki, “Qarabağ”la müqaviləsi olan futbolçunun heç kimin xəbəri olmadan “Volqa” ilə anlaşmağını apasport.az saytı üzə çıxarıb.
0