Visente del Boske Azərbaycan yığmasını Yeni Zelandiya və İraqa bənzədir
21.04.2009 - 14:31
Visente del Boske Azərbaycan yığmasını Yeni Zelandiya və İraqa bənzədir
Avropa çempionu İspaniya yığmasının Azərbaycanla yoldaşlıq oyunu keçirməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Visente del Boskenin yetirmələrini iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionuna çıxarmağı qarşıdakı məsul turnirə hazırlıq xarakteri daşıyır.

Belə ki, İspaniya CAR-da təşkil olunacaq Konfederasiyalar Kuboku ərəfəsində son sınaqçı rəqib kimi Azərbaycanla görüşməyi lazım bilib. Bu da Boskenin turnirdəki rəqibləri ilə yığmamızın oyun üslubunun bənzətməsi ilə izah olunur. İspaniyalılar turnirdə ilk matçlarını iyunun 14-də Yeni Zelandiyaya qarşı keçirəcək. Ayın 17-də İraq, 20-də CAR-la oynayacaq rəqibimizin turnirə 5 gün qalmış Bakıda meydana çıxmağı lazım bilməsi də məhz həmin komandalara uyğun olmağımızdan irəli gəlir.

İspaniya yığmasının Azərbaycanla hansı heyətlə oynayacağı da müəyyənləşib. Belə ki, Pireney yarımadasından gələn qonaqlar Konfederasiyalar Kubokuna aparacağı heyəti Bakıya gətirəcək. Bu turnirə isə iştirakçılar adətən əsas heyətlə qatılır ki, yalnız cüzi istisnalar olur.

Qeyd edək ki, Konfederasiyalar Kubokunun digər qrupunda Braziliya, İtaliya, Misir və ABŞ yığmaları yer alıb. Hər qrupdan iki komandanın çıxdığı yarımfinal matçları iyunun 24-25-də, final və üçüncü yer uğrunda matç isə 28-də baş tutacaq.
0