Berti Foqts: Türkiyə və İspaniya ilə görüşlərin böyük önəmi olacaq
21.04.2009 - 17:00
Berti Foqts: Türkiyə və İspaniya ilə görüşlərin böyük önəmi olacaq
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts “Neftçi” klubunun kapitanı Zaur Tağızadənin milli komandada karyerasını başa vurmasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, alman çalışdırıcı deyib ki, yaxın günlərdə Tağızadə ilə görüşəcək və 30 yaşlı futbolçunun zədəsinin ciddi olub-olmamasına baxılacaq. Foqts dünəndən növbəti hazırlığa başlayan yığma haqda da danışıb. Onun sözlərinə görə, futbolçulardan hansısa narazılığı yoxdur: “Onlar toplanışa hazır vəziyyətdə gəliblər”.

Dünya çempionatının seçmə qrup mərhələsində Uelslə görüşdən (6 iyun) öncə Türkiyə yığması (2 iyun) ilə Kayseri şəhərində baş tutacaq yoldaşlıq oyununu səmərəli olacağını vurğulayan Foqts, həmçinin deyib ki, Britaniya təmsilçisi üzərində qələbə qazanmaq üçün bütün gücləri ilə mübarizə aparacaqlar: “Fikrimcə, türkiyəlilərlə matçın faydası olacaq. Bu, futbolçuların təcrübəsini artırmaq, müəyyən planlar qurmaq baxımından xeyir verəcək. Uelslə matçda çalışacağıq ki, 3 xal qazanaq. Amma bu heç də asan olmayacaq. Ardından bizi İspaniya ilə yoldaşlıq görüşü gözləyir ki, Avropa çempionları ilə görüşün böyük önəmi olacaq”.
0