Mübariz Mənsimov baş məşqçini futbolçuların ayağına vermir
21.04.2009 - 17:41
Mübariz Mənsimov baş məşqçini futbolçuların ayağına vermir
Mübariz Mənsimov sahibi olduğu “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryovdan razıdır. Apasport.az saytının məlumatına görə, komandanın fəxri prezidenti Lənkərana son səfərində 49 yaşlı olimpiya çempionuna dəstək verib.

Premyer Liqanın XXII turunda “Bakı”nı böyük hesabla məğlub etdikləri görüşü (3:0) stadionda izləyən Mənsimov komandasının sərgilədiyi oyundan zövq alıb. Görüşdən sonra futbolçuları təbrik etmək məqsədilə paltardəyişmə otağına girərək, bir sıra maraqlı açıqlamaları ilə yadda qalan fəxri prezident Ponomaryova yeni mövsümdə də güvəndiyini söyləyib. O, vurğulayıb ki, baş məşqçini istəməyən futbolçu istənilən vaxt klubdan gedə bilər. Həmçinin, Mənsimov deyib ki, qış fasiləsində klubun sükanı arxasına gətirilən Ponomaryov mövsümü mükafatsız vursa belə, postunda qalacaq.

Qeyd edək ki, “Xəzər-Lənkəran” ölkə kubokunda mübarizəni dayandırıb, çempionatın başa çatmasına 4 tur qalmış isə 46 xalla 4-cü yerdədir. Cənub təmsilçisi lider “İnter”dən 7 xal geri qalır.
0