UEFA oyunların yarımçıq dayandırılmağının tərəfdarıdır
21.04.2009 - 17:46
UEFA oyunların yarımçıq dayandırılmağının tərəfdarıdır
UEFA dünya futbolunda daha bir yenilik etmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu stadionlarda baş verən hadisələrlə bağlı mübarizə aparmaq üçün alternativ addımlar atmaq məcburiyyətində qalıb.

Belə ki, hazırda UEFA-da müzakirə olunan qaydaya əsasən, matç zamanı irqçi şüarlar səsləndiyi halda, görüşdə fasilə yaranacaq. On dəqiqəlik dayandırılma həm ehtirasların soyumasına səbəb olacaq, həm də bu müddətdə stadionun mikrofonları ilə azarkeşlərə müraciət olunacaq. Tamaşaçıların buna məhəl qoymayaraq, yolverilməz davranışlarına davam etdirəcəyi halda isə qarşılaşmalar yarımçıq bitəcək. UEFA prezidenti Mişel Platini də bu yeniliyi dəstəkləyir: “Tribunalarda irqçiliyə yer olduqda, daha qəti addımlar atmalıyıq. UEFA-nın vəzifəsi də budur”.

Qeyd edək ki, UEFA-nın yenidən bu mövzuya qayıtmasına İtaliya çempionatının son turunda baş verənlər səbəb olub. 1:1 hesablı heç-heçə ilə bitən “Yuventus” – “İnter” matçında hesabı açan qonaqların Qana əsilli hücumçusu Mario Ballotelli irqi zəmində təhqirlərə məruz qalmışdı.
0