İki futbolçu “Muğan” klubundan qovuldu
22.04.2009 - 13:03
İki futbolçu “Muğan” klubundan qovuldu
Salyanın “Muğan” klubu iki futbolçu ilə yollarını ayırıb. Bu barədə apasport.az saytına məlumatı komandanın baş məşqçisi Nadir Qasımov verib. Onun sözlərinə görə, Əli İsmayılov və Elnur Abbasov heyətdən kənarlaşdırılıb.

“Onlar potensiallarından aşağı çıxış etdikləri üçün bu addımı atmağa məcbur olduq. Bu, rəhbərliyin qərarıdır. Son oyundan sonra bu məsələni klub rəhbərliyi qarşısında qaldırdım. Qışda onları heyətə cəlb edəndə Elnurla Əliyə ümidlərimiz böyük idi. Lakin öz davranışları ilə bütün komandaya mənfi təsir göstərirdi. Məsələn, məşqlərə gecikirdilər. Onların gələcək karyeraları isə mənim məsələm deyil. Bu işlə klubun icraçı direktoru məşğul olur. Artıq komandamızda problem qalmayıb. Yayda isə heyəti gücləndirəcəyik” – deyə baş məşqçi bildirib.

Qeyd edək ki, hər iki futbolçu birinci dövrədən sonra “Qəbələ”dən “Muğan”a keçmişdi. İsmayılov bu komandada 8, Abbasov isə 6 matç keçirib.
0