Vladislav Qədirov yeni vəzifəsinə qovuşdu
22.04.2009 - 13:57
Vladislav Qədirov yeni vəzifəsinə qovuşdu
Vladislav Qədirov Salyanın “Muğan” klubunda yeni vəzifədə işləyəcək. Bu haqda apasport.az saytına məlumat verən Qədirov bildirib ki, bundan sonra komandada seleksiyaçı məşqçi kimi çalışacaq.

İki ay öncə “Muğan”ın baş məşqçi postundan istefa verən 39 yaşlı məşqçi bu vəzifəyə təyinat aldığını söyləyib: “Komandanın sükanı arxasından gedəndən sonra taleyimlə bağlı qeyri-müəyyən vəziyyət hökm sürürdü. Nəhayət, rəhbərliklə görüşümdən sonra məsələyə aydınlıq gəldi. Əslində, baş məşqçi postundan problemsiz ayrılmış və klub rəhbərliyi ilə münasibətlərim qaydasında idi. Gedişimdən sonra əlimi yana salmaq yox, klub üçün faydalı iş görmək istəyirdim. Rəhbərliyin xaricdən qayıdışını gözlədim və apardığımız müzakirədən sonra “Muğan”da seleksiyaçı məşqçi vəzifəsinə təyin edildim. Əsas komanda ilə yanaşı, əvəzedici və 17 yaşlılardan ibarət komandalarda da çalışacağam”.

Qədirov bir müddət öncə Azərbaycanın aşağı yaş qruplarından ibarət komandalarlna da seleksiyaçı məşqçi təyin edilib. Bura U-15-dən başlayaraq, U-21-ə qədər bütün yığmalar aiddir. Məşqçinin fikrincə, həm klubda, həm də yığmada çalışmaq onun üçün problem deyil: “Bu iki iş bir-birinə uyğun gəldiyindən, maneçilik olmayacaq. Elə yığma komandalarımız üçün seleksiya sahəsində çalışıram. Məqsədimiz gənc, perspektivli, istedadlı futbolçuları üzə çıxarmaqdır. Artıq bu istiqamətdə iş gedir və yeni mövsüm üçün müqavilə bağlamaq fikrində olduğumuz futbolçular var. Gələcəkdə belə plan var ki, Salyanda futbol internatı məktəbi yaradılsın və klubumuz bir baza rolunu oynaya bilər”.
0