Azərbaycanla oyunqabağı Türkiyə yığmasında qalmaqal
22.04.2009 - 14:18
Azərbaycanla oyunqabağı Türkiyə yığmasında qalmaqal
İyunun 2-də beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Azərbaycan milli komandasını qəbul edəcək Türkiyə yığmasının düşərgəsində xoşagəlməz anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Fatih Terimlə “Fənərbaxça”nın da şərəfini qoruyan Əmrə Belözoğlu arasında qalmaqal yaranıb.

Belə ki, “ay-ulduzlular” aprelin 1-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində İstanbulda İspaniyaya 1:2 hesabı ilə uduzublar. Görüşdən sonra Terim paltardəyişmə otağında yalnız 3 oyunçudan - Arda Turan, Əmrə Aşık və Hakan Baltadan razı qaldığını bildirib. Baş məşqçi digər futbolçuları kəskin tənqid atəşinə tutub. Terimin tənqidlərinə dözə bilməyən Belözoğlu ona cavab qaytarıb.

Məhz buna görə Əmrənin adının “qara siyahı” düşdüyü bildirilir. Futbolçularla əvvəllər də belə qalmaqallar yaşayan Terimin bundan sonra Belözluğunu yığmaya çağırmayacağı gözlənilir. Son vaxtlar eyni səbəbdən İbrahim Toraman, Fatih Təkkə, Mehmet Topuz, Yıldıray Baştürkün də üzünə milli komandanın qapısı bağlanıb.

Özü də Əmrə bundan öncə də Terim tərəfindən cəzalandırılıb. “İmperator” idmançıya yaraşmayan hərəkətlər etdiyi üçün kapitanlıq sarğısını 29 yaşlı futbolçunun əlindən alıb.

Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu Kayseri şəhərinin “Kadir Has” stadionunda keçiriləcək.
0